ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff bildirib ki, Ukraynada döyüş meydanına göndərilən Rusiya ordusunun yeni çağırılmış hərbçilərinin orta ömür müddəti cəmi 20-30 dəqiqədir.
Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.
Onun sözlərinə görə, buna səbəb süni intellekt əsasında çalışan Ukrayna zərbə dronlarının yüksək effektivliyidir. Pensilvanitada keçirilən müdafiə və innovasiyalar sammitində çıxış edən Retkliff deyib ki, ABŞ kəşfiyyatının məlumatları açıq mənbələrdə yayılan məlumatlarla üst-üstə düşür.
"Ukraynada döyüş meydanına gələn Rusiya ordusunun yeni əsgərlərinin orta ömür müddəti hazırda 20-30 dəqiqə qiymətləndirilir", - deyə MKİ rəhbəri bildirib. Onun sözlərinə görə, bu vəziyyət süni intellektlə işləyən dronların ucuz, lakin son dərəcə ixtisaslaşmış və ölümcül silahlara çevrilməsi ilə bağlıdır.
Ukrayna Rusiyanın üstünlüyünü dronlarla neytrallaşdırır
Retkliff qeyd edib ki, Rusiya canlı qüvvə baxımından Ukraynadan xeyli üstün olsa da, Kiyev müxtəlif növ zərbə dronlarının hazırlanması və tətbiqi sayəsində Rusiya qoşunlarının irəliləyişini əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilir. ABŞ rəsmilərinin məlumatına görə, Rusiya həftədə təxminən 7 min hərbçi itirir. Ukrayna Prezidenti Vladimir Zelenski isə daha əvvəl bildirmişdi ki, düşmən hədəflərinin 80 faizdən çoxu məhz dronlarla məhv edilir.
ABŞ Ukraynanın hərbi texnologiyalarına maraq göstərir
Retkliffin açıqlamaları Vaşinqton və onun müttəfiqlərinin Ukraynanın pilotsuz uçuş aparatları proqramlarının maliyyələşdirilməsini genişləndirməyi və süni intellekt əsaslı idarəetmə texnologiyalarına çıxış əldə etməyi müzakirə etdiyi vaxta təsadüf edir. Məlumata görə, Ukrayna hazırda ildə 10 milyon dron istehsal edir və yaxın gələcəkdə bu göstəricini iki dəfə artırmağı planlaşdırır.
Eyni zamanda, Ukrayna ordusu bu yaxınlarda dünyada ilk dəfə olaraq dəniz dronundan sahilə çıxarılan, iriçaplı "Browning" pulemyotu ilə silahlandırılmış yerüstü döyüş robotunun Rusiya mövqelərinə hücumunu nümayiş etdirib. Əməliyyat Ukraynanın 123-cü Ərazi Müdafiə Briqadası tərəfindən tam məsafədən idarə olunub. ABŞ prezidenti Donald Tramp da bu yaxınlarda Vaşinqtonun Ukraynada hazırlanmış döyüş dronlarını almaqda maraqlı olduğunu bildirib.
Vladimir Zelenski isə tərəflərin Ukrayna pilotsuz aparatlarının ABŞ tərəfindən alınmasını, birgə istehsalın qurulmasını və texnologiya mübadiləsini nəzərdə tutan genişmiqyaslı sazişi müzakirə etdiyini açıqlayıb. ABŞ mediasının məlumatına görə, Amerika artıq Ukraynanın hava və dəniz dronlarını sınaqdan keçirir və onların gələcəkdə alınması imkanını nəzərdən keçirir.