ABŞ-İran qarşıdurması yeni mərhələyə keçir
ABŞ ilə İran arasında gərginlik daha da artır. Vaşinqton hərbi təzyiqi gücləndirsə də, Tehran hələlik ABŞ-la danışıqlara başlamaq niyyətində olmadığını açıqlayıb. Eyni zamanda, ABŞ administrasiyası hərbi əməliyyatların genişləndirilməsi variantlarını da nəzərdən keçirir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tehran danışıqlardan imtina edir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ölkə rəhbərliyi hazırda ABŞ-la danışıqlar aparmağı planlaşdırmır və əsas diqqət ölkənin müdafiəsinə yönəlib. O, Vaşinqtonu əvvəlki öhdəliklərini pozmaqda ittiham edərək bildirib ki, belə şəraitdə İran heç bir razılaşmaya əməl etməyəcək.
ABŞ yeni hərbi ssenariləri nəzərdən keçirir
"Reuters"in məlumatına görə, ABŞ-ın son hava zərbələri İranın hava hücumundan müdafiə sistemlərini, raket və pilotsuz aparat imkanlarını zəiflətməyə hesablanıb. Mənbələr bildirirlər ki, Vaşinqton mümkün daha genişmiqyaslı əməliyyatlara hazırlıq görür.
Bildirildiyinə görə, Ağ evdə Hörmüz boğazı yaxınlığındakı strateji Xarq adasının ələ keçirilməsi, hava zərbələrinin genişləndirilməsi və İranın möhkəmləndirilmiş nüvə obyektlərinə hücum variantları da müzakirə olunur.
Təzyiq, yoxsa danışıqlara məcburetmə?
Ekspertlərin fikrincə, Donald Trampın sərt bəyanatları və hərbi təzyiqi eyni strategiyanın tərkib hissəsidir. Məqsəd İranı daha sərfəli şərtlərlə danışıqlar masasına qaytarmaqdır. Lakin Tehran hələlik geri addım atmaq niyyətində olmadığını nümayiş etdirir ki, bu da Yaxın Şərqdə gərginliyin yaxın vaxtlarda da davam edə biləcəyini göstərir.