Donald Trampın İranla bağlı siyasəti Vaşinqtonu həm hərbi, həm də siyasi baxımdan ağır nəticələrlə üz-üzə qoya bilər.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "The New Republic" nəşri yazıb.
Məqalə müəllifinin fikrincə, İranla müharibənin ilk mərhələsi ABŞ üçün uğursuz olub və döyüşlərin yenidən başlanması bu vəziyyəti daha da ağırlaşdıra bilər.
ABŞ əsas məqsədlərinə nail ola bilməyib
Məqalədə deyilir ki, Vaşinqton və İsrail İranın nüvə proqramını tam məhv edə, raket arsenalını sıradan çıxara və Tehranın regiondakı təsirini zəiflədə bilməyib. Müəllifin fikrincə, İran zəifləsə də, Hörmüz boğazına təsir imkanlarını və pilotsuz uçuş aparatlarından istifadə potensialını qoruyub saxlayıb. Bu isə Tehrana gələcəkdə əlavə təzyiq rıçaqları qazandırır.
Nəşr yazır ki, Trampın ABŞ-ın Hörmüz boğazına nəzarət edə biləcəyi və hətta buradan keçən yüklərdən rüsum alınacağı ilə bağlı bəyanatları həm beynəlxalq hüquqa zidd görünür, həm də Vaşinqtonun regiondakı etibarlılığına zərbə vurur. Məqalədə vurğulanır ki, İran bu açıqlamalardan öz mövqeyini gücləndirmək üçün istifadə edib.
Dünya ABŞ-a inamını itirə bilər
Müəllif hesab edir ki, müharibə və son bəyanatlar ABŞ-ın müttəfiqləri arasında da narahatlıq yaradıb. Xüsusilə Fars körfəzi ölkələrinin Amerika hərbi bazalarına münasibətinin dəyişdiyi, onların artıq təhlükəsizlik təminatı deyil, risk mənbəyi kimi qiymətləndirildiyi qeyd olunur.
Məqalədə hadisələrin üç mümkün inkişaf ssenarisi göstərilir: yaxın həftələrdə atəşkəs əldə olunması, uzunmüddətli və fasilələrlə davam edən münaqişə, yaxud tərəflərin daha ağır zərbələr endirməsi ilə genişmiqyaslı eskalasiya.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Adam Smit də Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarını tənqid edib. O bildirib ki, ABŞ-ın boğaza tam nəzarət etməsi ciddi hərbi eskalasiya olmadan mümkün deyil və Vaşinqton yaranmış vəziyyətdən çıxmaq üçün diplomatik həll yoluna üstünlük verməlidir.