Müasir tibb getdikcə daha çox xəstəliklərin adi qan analizi vasitəsilə erkən mərhələdə aşkarlanmasına yönəlir. Son aylarda aparılan bir sıra iri tədqiqatlar göstərib ki, gələcəkdə bir qan nümunəsi bir çox mürəkkəb müayinələri əvəz edə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Mütəxəssislərin fikrincə, qan analizi artıq təkcə şəkər, xolesterin və ya iltihab göstəricilərini müəyyən edən laborator müayinə deyil. Yeni texnologiyalar minlərlə zülalı, RNT və DNT fraqmentlərini eyni vaxtda təhlil etməyə, süni intellekt isə bu məlumatlar əsasında xəstəliklərin ilk əlamətlərini simptomlar yaranmazdan əvvəl aşkar etməyə imkan verir.
Altsheymer və xərçəngin erkən aşkarlanması
ABŞ alimləri qanda aşkar olunan xüsusi dairəvi RNT molekullarının Altsheymer xəstəliyinin ilk əlamətlərinin nə vaxt ortaya çıxacağını proqnozlaşdıra bildiyini müəyyən ediblər. Bu, xəstələrin erkən müalicəyə cəlb olunmasına və xəstəliyin inkişafının ləngidilməsinə kömək edə bilər.
Böyük Britaniyada isə süni intellektdən istifadə edən yeni qan analizi uşaqlıq endometri xərçənginin diaqnostikasında 99 faiz dəqiqlik göstərib. Alqoritm təxminən 30 biomarkeri qiymətləndirərək xəstəliyin riskini müəyyən edir. Texnologiya təsdiqlənərsə, minlərlə qadın ağrılı biopsiya və digər invaziv müayinələrdən xilas ola bilər.
Hələ universal test yoxdur
Alimlər vurğulayır ki, bu istiqamətdə böyük irəliləyiş əldə olunsa da, qan analizi hələlik tam diaqnostikanı əvəz etmir. Məsələn, 50-dən çox xərçəng növünü aşkar etmək üçün hazırlanmış "Galleri" testi ümidverici nəticələr versə də, geniş tədqiqatlarda xərçəngin gec mərhələdə aşkarlanması hallarını nəzərəçarpacaq dərəcədə azaltmayıb.
Bununla belə, mütəxəssislər hesab edir ki, yaxın illərdə yüksək dəqiqlikli qan analizləri tibbin əsas diaqnostik vasitələrindən birinə çevriləcək. Bu üsul həm daha ucuz və təhlükəsizdir, həm də xəstələrin uzun və yorucu müayinə prosesini xeyli qısalda bilər.