İspaniyaya məğlubiyyətdən sonra Fransa millisinin müdafiəçisi Lyuk Din sosial şəbəkələrdə çoxsaylı təhqir və irqi xarakterli hücumların hədəfinə çevrilib.


Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Journal du Dimanche" nəşri yazıb.






Nəşr yazır ki, futbolçuya qarşı hücumlar matçda təyin olunan penalti epizodundan sonra başlayıb. Məqalədə bildirilir ki, qarşılaşmanın ilk qolundan əvvəl Lyuk Din cərimə meydançasında Lamin Yamal ilə təmasda olub. Hakim VAR baxışından sonra penalti qərarını qüvvədə saxlayıb və Mikel Oyarzabal bu fürsəti qola çevirərək İspaniyanı hesabda önə keçirib.


"Komandadakı yeganə ağ dərili sənsən"


Nəşrin yazdığına görə, oyundan sonra sosial şəbəkələrdə futbolçuya qarşı "Məğlubiyyətə görə günahkar sənsən", "Ağ dərili futbolçunu millidə görmək istəmirəm", "Bu ağ dərilini komandadan çıxarın" kimi irqi məzmunlu paylaşımlar yayılıb.


Fransanın "Milli Birlik" Partiyasından deputat Jülyen Odul bu paylaşımları pisləyərək bildirib ki, əgər oxşar təhqirlər qaradərili futbolçulara ünvanlansaydı, bir çox antirasizm təşkilatları buna dərhal reaksiya verərdi.


Onun sözlərinə görə, Lyuk Dinə qarşı hücumlarla bağlı isə "tam sükut" hökm sürür. Deputat həmçinin Fransanın "SOS Racisme" təşkilatını milli komandanın futbolçusuna qarşı edilən irqi təhqirləri açıq şəkildə qınamağa çağırıb.