Azərbaycanın UEFA əmsallar cədvəlindəki liderliyi 100%-lik nəticə ilə davam edir.
 




Moderator.az xəbər verir ki, ötən gecə təmsilçilərimizin avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarında qələbə qazanmaları sayəsində xal ehtiyatımız maksimum 1.500-ə çatıb.
 
"Qarabğ" UEFA Avropa Liqasında İslandiyanın "Vestri", "Zirə" isə UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo Kutaisi" komandasını üç cavabsız qolla üstələyib. Daha əvvəl isə "Sabah" UEFA Çempionlar Liqasında Uelsin TNS komandasını 2:1 hesabı ilə məğlub etmişdi. Qeyd edək ki, bu oyunların hamısı səfərdə baş tutub.
 
Beləliklə, ölkəmizi təmsil edən klublar avrokubokların ilk mərhələsində 6 oyunda 6 qələbə qazanıb, rəqib qapılarına 16 top vurub və öz qapılarından cəmi bir top buraxıblar. Təsnifat mərhələsində qələbəyə görə əmsallar cədvəlində bir xal, heç-heçəyə görə isə yarım xal verilir, toplanan xallar avrokuboklarda iştirak edən klubların sayına bölünür. Ona görə də ölkəmizin artıq topladığı 6 xal dördə bölünüb və 1.500 xal aktivimizə əlavə olunub. Hazırda avrokuboklarda oynayan ölkələr arasında bu nəticə ilə Azərbaycan 1-ci yerdədir.
 
Ümumi reytinqdə son 5 mövsümün nəticəsi toplandığı üçün hazırda Azərbaycan 20.062 xalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdə olan İsrailin aktivində 20.750 xal, 27-ci yerdə qərarlaşan Slovakiyanın isə 18.500 xal var. Hazırda UEFA əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.