Dünyada siyasi proseslərin sürətlə dəyişdiyi, yeni güc mərkəzlərinin meydana çıxdığı və beynəlxalq münasibətlərdə fərqli yanaşmaların ön plana keçdiyi bir dövrdə Azərbaycanın həyata keçirdiyi müstəqil və milli maraqlara söykənən xarici siyasət ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirib. Qarabağ məsələsinin həllindən sonra yaranan yeni reallıqlar, enerji və nəqliyyat layihələri, eləcə də Türk dünyası ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın bölgədə və daha geniş coğrafiyada rolunu artıran əsas amillər kimi qiymətləndirilir. Bu proseslərin Azərbaycanın gələcək strateji mövqeyinə necə təsir göstərəcəyi, eləcə də qarşıdakı dövrün əsas çağırışları və imkanları hazırda ən çox müzakirə olunan məsələlərdəndir.
Moderator.az-ın Pərvin Şakirqızı ilə "Rəsmilərin mövqeyi" rubrikasının növbəti müsahibi Milli Məclisin deputatı Rasim Musabəyov oldu.
Deputatla məhz bu məsələlər ətrafında həmsöhbət olduq.
Moderator.az həmin müsahibəni təqdim edir:
— Rasim müəllim, beynəlxalq münasibətlər sistemi yeni mərhələyə qədəm qoyur və qlobal güc balansı yenidən formalaşır. Belə bir şəraitdə Prezident İlham Əliyevin milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu Azərbaycanın geosiyasi mövqeyinə və beynəlxalq nüfuzuna hansı yeni strateji üstünlükləri qazandırıb?
— Dünya dəyişir, regionda da ciddi dəyişikliklər baş verir. Azərbaycan da dəyişir və təbii ki, bu dəyişikliklərin fonunda ölkənin xarici siyasəti və ümumilikdə dövlət siyasəti də mütləq şəkildə korrektə olunmalıdır.
Azərbaycan ən çətin problemlərdən birini – Qarabağ münaqişəsini həll etdikdən sonra təbii olaraq Cənubi Qafqazda söz sahibi Azərbaycandır. Təkcə Cənubi Qafqazda deyil, həm şimal qonşusu Rusiya, həm də cənub qonşusu İran Azərbaycanla ayrıca münasibətlər qurmağa məhkumdur. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya üçün də getdikcə daha əhəmiyyətli rol oynayır.Nəzərə alsaq ki, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıqla bağlı sənəd imzalayıb, Çinlə də bu istiqamətdə sənəd imzalanıb və hazırda dünyada əsas qüvvələr ABŞ ilə Çindir, hər iki dövlət açıq şəkildə Azərbaycanla tərəfdaşlıq münasibətlərində maraqlı olduğunu ifadə edir.
Bu reallıqlar fonunda cənab Prezident Azərbaycanın orta güc sahibi dövlət kimi formalaşdığını bəyan edib. Hələlik bu meyarlar tam müəyyənləşməyib və beynəlxalq hüquqda orta güc sahibi dövlətlərin bölgüsü, yaxud statusu tam təsbit olunmayıb. Bu, hər bir dövlətin iddiasından asılıdır və həmin iddianın arxasında mütləq güc dayanmalıdır. Hərbi gücün, düzgün müəyyənləşdirilmiş xarici siyasətin olmalıdır.
Nəhayət, iqtisadi, energetika və nəqliyyat baxımından güclü mövqeyə malik olmalısan. Bunların hamısı Azərbaycanda mövcuddur və düşünürəm ki, bu amillər yaxın dövrdə Azərbaycanın həm bölgədə, həm də regionda mövqeyini daha da möhkəmləndirəcək. Böyük güclər də bu reallıqları mütləq şəkildə nəzərə alacaqlar.
— Azərbaycanın enerji təhlükəsizliyi, Orta Dəhliz, Türk dünyası ilə əməkdaşlıq və regional diplomatiyada artan rolu fonunda ölkəmizin beynəlxalq təsir imkanlarının yaxın perspektivdə hansı istiqamətlərdə daha da genişlənəcəyini gözləyirsiniz?
— Cənab Prezident bir neçə dəfə bildirib ki, Azərbaycan özü üçün hansısa ailə axtarmır, Azərbaycanın ailəsi Türk dövlətləri, Türk birliyidir. Nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatının əsas güc sahibi Türkiyədir, onun hərəkətverici qüvvəsi isə Azərbaycan olub. Azərbaycan həm Türkiyə ilə müttəfiqdir, "iki dövlət, bir millət" konsepsiyası çərçivəsində, hətta vahid ordu konsepsiyası istiqamətində də xeyli irəliləyiş əldə olunub.
Eyni zamanda, Azərbaycan Mərkəzi Asiyadakı türk dövlətləri ilə də çox sıx əlaqələrə malikdir. Bu isə Azərbaycanın Türk dünyasının birləşməsində mərkəz ölkələrdən biri kimi iştirak etməsi və bu missiyanı həyata keçirməsi üçün ciddi çağırışdır. Azərbaycan artıq bu rolu öz üzərinə götürüb. Bu rol çərçivəsində energetika sahəsində böyük layihələrin həyata keçirilməsi gözlənilir. Düşünürəm ki, gələcəkdə Qazaxıstanın nefti, Türkmənistanın qazı Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılacaq.
Eyni zamanda, Orta Dəhlizin tam formalaşdığını və bu dəhlizin açar dövlətinin Azərbaycan olduğunu müşahidə edəcəyik.
Bütün bunlar Azərbaycanın həm diplomatiyasının, həm də təbliğatının qarşısında duran əsas vəzifələrdir və hesab edirəm ki, Azərbaycan bu missiyanı uğurla yerinə yetirəcək.
— Dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanın əldə etdiyi siyasi və diplomatik üstünlüklərin uzunmüddətli strateji nəticələrə çevrilməsi üçün qarşıdakı dövrdə hansı prioritetlərə xüsusi diqqət yetirilməlidir?
— Əsas məsələlər energetika və nəqliyyatla bağlıdır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycanın şimalında da, cənubunda da müharibələr gedir. Çalışmaq lazımdır ki, bu müharibələrin fəsadları Azərbaycana təsir etməsin.
Yeni çağırışlar isə regional dünyanın formalaşması ilə bağlıdır. Vacibdir ki, Azərbaycan bu çağırışlara adekvat cavab versin və onları öz inkişaf strategiyasında mütləq nəzərə alsın.
Hazırda Azərbaycan dəhlizlər, nəqliyyat və energetika layihələrində fəal iştirak edir və düşünürəm ki, bu istiqamətdə də irəliləyəcək. Yaxın dövrdə Ermənistanla sülh prosesi tamamlanmalıdır. Bundan sonra bölgənin vahidləşməsi ilə bağlı Azərbaycan o missiyanı da öz üzərinə götürməlidir.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor