"2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə genişləndirilib. Bu müddət ərzində 17 test imtahanı keçirilib, 7 000-dən artıq namizəd həmin imtahanlarda iştirak edib. Onlardan 2 174 nəfər icbari təlim proqramını uğurla başa vuraraq and içib və Kollegiya üzvlüyünə qəbul olunub".
Moderator.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib.
Nəzərə çatdırılıb ki, bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək VK sıralarına qoşulub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb.
Qeyd olunub ki, bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir.