Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.
 




Moderator.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
 
Prezident İlham Əliyev səfirlə söhbət edib.
 
Dövlətimizin başçısı ölkəmizin Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlərimiz və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat, investisiyalar sahələrində əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağın önəminə toxunub, Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirib.
 
Qəbula görə dövlətimizin başçısına təşəkkürünü ifadə edən səfir Kambocanın Kralı Norodom Sihamoninin və Baş naziri Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
 
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kambocanın Kralına və Baş nazirinə çatdırmağı xahiş edib.
 
Səfir Kambocanın Azərbaycanla dost münasibətlərə yüksək dəyər verdiyini vurğulayıb. O, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan və Kambocanın dayanıqlı inkişaf, beynəlxalq sülh və sabitlik məsələlərində eyni mövqedən çıxış etdiklərini deyib.
 
İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən səfir ticarət, turizm, mədəniyyət, xalqlarası təmaslar sahələrində münasibətlərimizin genişəndirilməsi üçün səylərini əsirgəməcəyini vurğulayıb.
 
Görüşdə Azərbaycanın və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluq bildirilib.
 
Kambocanın baş nazirin ölkəmizə gözlənilən səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişafı üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə olunub.