Rusiya Sumı və Odessaya zərbələr endirdi: ölənlər və yaralananlar var - Ukrayna KİV-ləri
17 Jul 2026, 11:32 2 baxış 2 dəq oxuma
Rusiya ordusu ötən gecə Ukraynanın Sumı və Odessa şəhərlərinə növbəti dəfə zərbələr endirib. Hücumlar nəticəsində mülki infrastruktur dağılıb, ölən və yaralananlar var.
Moderator.az xəbər verir ki, bu barədə "censor.net" nəşri məlumat yayıb.
Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, şəhərə beş idarəolunan aviasiya bombası (KAB) atılıb. Zərbələrdən ikisi şəhər mərkəzinə düşüb. Yaşayış və digər mülki obyektlərə ziyan dəyib, çoxmərtəbəli binaya və ətraf tikililərə ciddi zərər dəyərək yüzlərlə pəncərə sınıb. Vilayət üzrə son sutkada baş verən hücumlarda ümumilikdə 15 nəfər, o cümlədən bir uşaq yaralanıb.
Odessaya isə iyulun 16-sı axşam saatlarında raket zərbəsi endirilib. Hücum nəticəsində üçmərtəbəli yaşayış binası, avtomobillər və digər mülki obyektlər dağılıb. Son məlumata görə, azı iki nəfər həlak olub, bir neçə nəfər, o cümlədən uşaqlar yaralanıb. Fövqəladə Hallar Xidməti hücum zamanı parkda olan bir qadının həlak olduğunu, uşaqlarının isə sağ qaldığını bildirib.
Yerli hakimiyyət orqanları dağıntıların aradan qaldırılması və zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini, hadisə yerlərində xilasedicilər və digər operativ xidmətlərin çalışdığını açıqlayıb. Odessa vilayəti artıq yeddinci gündür ardıcıl olaraq raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır.