"Ukrayna zərbələri Krımı Rusiyanın "Axilles dabanına" çevirir" - "The Economist"
17 Jul 2026, 13:06 4 baxış 2 dəq oxuma
Krım 2014-cü ildə ilhaq edildikdən sonra Rusiya üçün əsas hərbi dayaq məntəqəsinə çevrilsə də, indi yarımada getdikcə daha həssas vəziyyətə düşür.
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
Nəşr yazır ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələr Krımın Rusiya ilə nəqliyyat və logistika əlaqələrini zəiflədir. Nəşrin qeydinə görə, son bir ildə Krıma hücumların sayı kəskin artıb. Ukrayna dronları təkcə hərbi və enerji obyektlərini deyil, həm də avtomobil, dəmir yolu və dəniz marşrutlarını hədəfə alır.
Xüsusilə Krım körpüsündən yanacaq kimi təhlükəli yüklərin daşınması riskli hesab olunur, ağır yük maşınlarının hərəkəti isə tam dayandırılıb. Rusiya Qara dəniz donanmasının da əsas bazalarını daha uzaq limanlara köçürmək məcburiyyətində qaldığı bildirilir.
Məqalədə vurğulanır ki, Ukrayna eyni zamanda Rusiya ərazisinin dərinliklərində yerləşən neft emalı zavodları və yanacaq infrastrukturuna da zərbələr endirir. Bu hücumlar ixrac gəlirlərini azaldır, ölkədə yanacaq qıtlığı yaradır və bəzi bölgələrdə yanacaqdoldurma məntəqələrində uzun növbələrə səbəb olur.
Ekspertlər hesab edir ki, Krımın təchizat yollarının daha da məhdudlaşdırılması Rusiyanın hərbi əməliyyatlarını çətinləşdirə və gələcək danışıqlarda Ukraynanın mövqeyini gücləndirə bilər. Bununla yanaşı, Ukrayna Milli Qvardiyası xüsusi təyinatlılarının işğal altındakı Krımdakı "Saki" hərbi aerodromunda Rusiyaya məxsus Su-24M bombardmançısını pilotsuz aparatlarla məhv etdiyi də bildirilir.