"ABŞ İrana zərbələri genişləndirir: körpülər ilk dəfə hədəfə alındı" - "Vesty"
17 Jul 2026, 14:42 2 baxış 3 dəq oxuma
ABŞ ordusu iyulun 17-nə keçən gecə İrana qarşı növbəti genişmiqyaslı hava əməliyyatı keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
Körpülər, hava limanları və dəmir yolu hədəfə çevrildi
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, bu dəfə hərbi və logistika obyektləri ilə yanaşı, ilk dəfə mülki nəqliyyat infrastrukturu da hədəfə alınıb. Hücumlar zamanı körpülər, hava limanları, dəmir yolu qovşaqları və rabitə obyektlərinə yüksək dəqiqlikli zərbələr endirilib.
İran mənbələrinin məlumatına görə, Hörmüzqan əyalətində beş körpü zədələnib, Bəndər-Həmir şəhərindəki strateji körpü dağılıb. İranşəhr hava limanı, Bəndər-Abbasdakı dəmir yolu qovşağı, eləcə də Buşehr, Əhvaz, Keşm adası və digər bölgələrdə partlayışlar baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
İran ABŞ bazalarına cavab zərbələri endirdi
Vaşinqtonun hücumlarından sonra İran İnqilab Keşikçiləri Korpusu və ölkənin silahlı qüvvələri ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqelərinə cavab hücumları həyata keçirib. Raket və pilotsuz uçuş aparatları ilə Bəhreyn, Küveyt və Qətərdə yerləşən ABŞ hərbi obyektləri hədəfə alınıb.
Məlumatlara görə, hava hücumundan müdafiə sistemləri raketlərin və dronların bir hissəsini zərərsizləşdirib. Bununla yanaşı, ABŞ tərəfi Hörmüz boğazında nəzarəti gücləndirdiyini, bölgədə bir neçə kommersiya gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb.
Tehran "B planı"nı işə salır: ikinci boğaz təhlükəsi
Qərb KİV-lərinin məlumatına görə, İran mümkün yeni eskalasiya üçün ehtiyat ssenarini də hazırlayıb. Bildirilir ki, Tehran husilərə ABŞ-ın İranın enerji infrastrukturuna zərbələri genişləndirəcəyi halda Bab əl-Məndəb boğazını bağlamağa hazır olmağı tapşırıb.
Ekspertlərin fikrincə, əgər Hörmüz boğazından sonra Bab əl-Məndəb də bağlanarsa, bu, Yaxın Şərqdən neft ixracının əsas marşrutlarını iflic edə, dünya enerji bazarında ciddi böhran yarada və qlobal ticarətə ağır zərbə vura bilər. Buna görə də analitiklər bu ssenarini qarşıdurmanın ən təhlükəli mərhələlərindən biri hesab edirlər.