Bakı Slavyan Universitetinin bir qrup tələbəsi ikinci cəhd imtahanlarının keçirilməsi zamanı üzləşdikləri problemlərlə bağlı Moderator.az-a müraciət ediblər. 


Onların iddiasına əsasən, imtahanların təşkil olunduğu auditoriyalarda isti hava şəraiti tələbələrin normal şəkildə imtahan verməsinə mane olub. Bildirilir ki, otaqlarda kondisioner sistemi yoxdur və mövcud havalandırma yüksək temperaturun təsirini azaltmaq üçün kifayət etmir. Tələbələrin sözlərinə görə, uzun müddət bu şəraitdə qalmaq diqqətin dağılmasına və imtahanın gedişinə mənfi təsir göstərib.






Müraciətdə imtahan cədvəlinin dəyişdirilməsi məsələsinə də etiraz edilir.


İddia olunur ki, əvvəlcədən elan edilmiş bəzi imtahan tarixləri tələbələrə qısa müddət qalmış dəyişdirilib. Paylaşılan yazışmalara görə, iyunun 29-na planlaşdırılan imtahanların bir hissəsi sonradan iyunun 30-na təyin edilib.


Tələbələr hesab edirlər ki, bu cür operativ dəyişikliklər hazırlıq prosesini çətinləşdirir. Onların sözlərinə görə, gec edilən bildirişlər səbəbindən bəzi tələbələr imtahanlara planlaşdırdıqları kimi hazırlaşa bilməyib, hətta ardıcıl günlərdə imtahan vermək məcburiyyətində qalıblar.


Moderator.az məsələ ilə bağlı adıçəkilən universitetin rəsmi mövqeyini də öyrənib. 


Açıqlamada qeyd olunub ki, müraciətdə qeyd olunan auditoriyalar bütün imtahan sessiyası ərzində istifadə edilmişdir və həmin müddət ərzində auditoriyaların infrastruktur vəziyyəti, o cümlədən havalandırma və ümumi şəraitlə bağlı universitetə hər hansı şikayət və ya müraciət daxil olmamışdır:


"Əlavə olaraq bildirək ki, imtahanların keçirildiyi zallarda havalandırma və kondisioner sistemi işlək vəziyyətdədir.


İmtahan cədvəli ilə bağlı qeyd edilən məsələyə gəldikdə isə bildiririk ki, imtahan tarixində edilən bir günlük dəyişiklik tələbələrə əvvəlcədən elan olunmuş və bu barədə onlar məlumatlandırılmışdır. Dəyişiklik tələbələrin məlumatı və razılığı əsasında həyata keçirilmişdir.


Eyni zamanda nəzərə almaq lazımdır ki, sözügedən dəyişiklik imtahan tarixinin əvvəlki tarixə deyil, yalnız növbəti günə keçirilməsini nəzərdə tutmuşdur.


Belə bir dəyişiklik tələbələrin hazırlıq müddətini azaltmamış, əksinə, əlavə vaxt yaratmışdır. Bu səbəbdən həmin dəyişikliyin tələbələrin hazırlıq imkanlarını məhdudlaşdırdığı barədə iddialar obyektiv vəziyyəti əks etdirmir".


Pərvin Şakirqızı