ÜST demensiyanın qarşısının alınması ilə bağlı tövsiyələrini yenilədi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koqnitiv qabiliyyətlərin zəifləməsi və demensiyanın inkişaf riskini azaltmağa yönəlmiş yenilənmiş klinik tövsiyələrini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "medvestnik.ru" nəşri məlumat yayıb.
Mütəxəssislər bildirir ki, xəstəliyin risk amillərinin təxminən 45 faizini dəyişdirmək mümkündür.
Riski azaltmaq üçün nələr tövsiyə olunur?
Hazırda dünyada 57 milyondan çox insan demensiyadan əziyyət çəkir və hər il təxminən 10 milyon yeni diaqnoz qoyulur. Halların 60-70 faizini Altsheymer xəstəliyi təşkil edir. ÜST ekspertləri qeyd edir ki, demensiyanın tam müalicəsi olmasa da, siqaret çəkmək, alkoqol qəbulu, sosial təcrid, fiziki passivlik, havanın çirklənməsi, həmçinin arterial hipertoniya və şəkərli diabet kimi xəstəliklər riski artıran, lakin qarşısı alına bilən amillərdir.
Vitaminlər yox, sağlam həyat tərzi
Tövsiyələrə əsasən, böyüklər aktiv sosial həyat sürməli, zehni məşqlərlə məşğul olmalı, fiziki fəallığı artırmalı, sağlam qidalanmalı, siqaret və alkoqoldan uzaq durmalı, çirkli havanın təsirini mümkün qədər azaltmalıdırlar. Hipertoniya, diabet və yüksək xolesterinin vaxtında müalicəsi, eləcə də eşitmə problemi olan şəxslərin eşitmə cihazlarından istifadə etməsi də demensiya riskini azalda bilər.
Bununla yanaşı, ÜST B və E vitaminləri, omeqa-3 yağ turşuları, multivitaminlər və mineral əlavələrin yalnız həmin maddələrin çatışmazlığı təsdiqləndiyi halda qəbul edilməsini məqsədəuyğun sayır. Təşkilat bildirir ki, bu vasitələrin demensiyanın qarşısını aldığına dair elmi sübut yoxdur.
ÜST-nin məlumatına görə, koqnitiv pozğunluqlar hər il dünya iqtisadiyyatına təxminən 1,3 trilyon dollar ziyan vurur. Mütəxəssislər hesab edir ki, risk amillərinin vaxtında aradan qaldırılması həm insanların sağlamlığını və həyat keyfiyyətini yaxşılaşdıra, həm də ailələrin və səhiyyə sistemlərinin üzərinə düşən yükü azalda bilər.