DÇ-2026-nın qalibləri futbol tarixində ilk dəfə unikal mükafatla təltif olunacaqlar
17 Jul 2026, 15:31 2 baxış 2 dəq oxuma
2026-cı il dünya çempionatının qalibləri futbol tarixində ilk dəfə olaraq unikal mükafata sahib olacaqlar.
Bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) mətbuat xidməti məlumat yayıb.
FIFA-nın bayrağı altında keçirilən turnirdə ilk dəfə olaraq çempionluq üzükləri təqdim ediləcək. Bu ənənə Amerika idman liqalarında geniş yayılıb, DÇ-2026 isə məhz ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə baş tutur.
Hər bir üzük məhdud sayda buraxılacaq. Turnirin keçirildiyi ilə rəmzi işarə olaraq cəmi 2026 ədəd fərdi nömrəli nüsxə hazırlanacaq. Onlardan yalnız 30-u qalib komandanın futbolçularına və məşqçilərinə veriləcək, qalan 1996 ədəd isə FIFA-nın rəsmi lisenziyalı məhsulu kimi bütün dünyada satışa çıxarılacaq.
Üzüyün bir tərəfində futbol üzrə dünya çempionatının kuboku təsvir olunacaq, digər tərəfinə isə qalib komandanın loqosu həkk ediləcək. Hər bir üzük nömrələnəcək, sahibinin ölçüsünə fərdi şəkildə uyğunlaşdırılacaq və orijinallıq sertifikatı ilə təmin olunacaq.
Final başa çatdıqdan dərhal sonra qalib komandanın kapitanı və baş məşqçisi qeyd etmələr üçün müvəqqəti üzüklər alacaqlar. Daha sonra isə bütün 30 çempionluq üzüyü fərdi sifariş əsasında hazırlanacaq və tam hazır olduqdan sonra rəsmi təqdimetmə mərasimi keçiriləcək.
DÇ-2026-nın finalında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Həlledici görüş iyulun 19-da Nyu-Cersi arenasında keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. /oxu.az/