““Çünki müharibədə tükənən, uğursuzluğa düçar olan ölkənin başçısı istefa verməyəndə, öz könlü ilə vəzifədən getməyəndə, xalq onun üstünə qalxır...”
 




“Rusiya-Ukrayna savaşında da, zənnimcə, ABŞ-İran savaşında olduğu kimi, müharibənin yeni fazası başlayıb. İndiyədək əsasən dronların rolu görünürdüsə də, dronlar neft obyektlərini, logistika mərkəzlərini, neft bazaları və hərbi infrastrukturu vururdusa, artıq tezliklə Ukrayna Rusiyanın iri şəhərlərini, ilk növbədə Moskva və Leninqrad kimi iri mərkəzi şəhərlərini raketlərlə vurmağa başlayacaq. Artıq Ukraynanın kifayət qədər raketləri var. Avropa istehsalı ilə kifayətlənmir, özü də “Flaminqo” tipli çox uzaqmənzilli raketlər istehsal edir, orta mənzilli raketlər və qanadlı raketlər də istehsal edir. Bunların hamısı Rusiyanın şəhərləri üçün ciddi təhlükə yaradır. Və zənnimcə, böyük ehtimalla bu hərbi potensialla Rusiyanı danışıqlar masasına gətirmək mümkün olacaq”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Qabuil Hüseynli dilə gətirib.
 
“Əlbəttə, Rusiyadakı benzin böhranı da Putin rejiminin çöküşünə ciddi təsir göstərəcək. Benzin böhranı, su böhranı, çörək, ərzaq böhranı var. Artıq nəhəng Rusiya çöllərində taxıl biçilmir, tarlalarda qalıb. Çünki kombaynların işləməsi üçün yanacaq tapılmır. Mal-heyvanı suvarmağa su tapılmır, insanların özləri də içməyə su tapmırlar”, -deyə davamında politoloq diqqətə çatdırıb.
 
“Belə getsə, Rusiyanın məğlubiyyəti payıza-qışadək təsdiqlənməlidir. Bu cür güclü iqtisadi böhranlar, bir qayda olaraq, inqilabla başa çatır. Çünki müharibədə tükənən, uğursuzluğa düçar olan ölkənin başçısı istefa verməyəndə, öz könlü ilə vəzifədən getməyəndə, xalq onun üstünə qalxır. Belə görünür, Rusiyada bir növ Birinci Dünya müharibəsinin sonundakı, yəni 1917-ci il Fevral inqilab ərəfəsindəki proseslər təkrarlana bilər. O vaxt da belə olmuşdu. Müharibədə uduzmuş çar ordusu qayıtdı və xalqla birlikdə ayağa kütləvi üsyana qalxaraq Çarı devirdi”, - Qabil Hüseynli vurğulayıb.
 
Sultan Laçın