“Artıq 16 ildir ki, atamın doğum günlərini onsuz qeyd edirik. Uzun müddət olmasına baxmayaraq elə bil ki, dünən aramızdan ayrılıb. Bu gün gedib qəbrini ziyarət etdik. Bağımız Fatmayı kəndində olduğu üçün atamın məzarını tez-tez ziyarət edirik. Bu gün bir çox dostları, sənət yoldaşları zəng edib bizə başsağlığı verib. Onu unutmayanlar çoxdur”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, mərhum aktyor Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov deyib.
O daha sonra əlavə edib:
“Atam səhnədə necə idisə, evdə də elə idi. Çox səmimi biri idi. Hamı ilə mehriban davranırdı. Tamaşaçı da onun səmimiyyətini hiss edirdi. Yaxşı aktyor olmaq olar, amma yaxşı aktyor, həm də yaxşı insan olmaq ikisi bir arada bəzi hallarda olmur. Bəzən dünyasını dəyişən aktyorların arxasınca yazılan mənfi rəyləri görəndə sevinirəm ki, atam haqda indiyə qədər heç bir pis söz yazılmayıb. Bu bizə bir ömür təsəllidir” deyə o bildirib.
Tural Adıgözəlov bildirib ki, böyük oğlu atasının adını daşıyır:
“Böyük oğlumun adı Telmandır. Əfsuslar olsun ki, atam övladlarımı görmədi. Telman və digər övladlarım, digər nəvələri də kimin nəvəsi olduğunu dərk edir, yutubda onun film və tamaşalarını izləyirlər. Hətta Telman uşaq olanda bizi yığırdı ki, oturun, sizə tamaşa göstərəcəm. bu artıq genlə gəlir. Əlbəttə ki, istəsə mən ona mane olmaram. Amma Telman idmançı olmaq istəyir. Hansı sənətin sahibi olmaq istəsə ona yalnız dəstək olaram” deyə mərhum sənətkarın övladı bildirib.