“Ramiz Həsənoğlu ilə ilk dəfə 2005-ci ildə tanış olmuşam. 4 çəkdiyi televiziya filmində iştirak etmişəm. Sonuncu “Yepyeni il” adlı televiziya filmini ötən ilin noyabr ayında çəkdi. Orada mən Cahangir Novruzovla tərəf müqabili idim. Mövzu mənə və hamıya o qədər doğma idi ki.. Bilirsiniz ki, bu gün yaşlı vaxtında qocalar evdə tək qalır. Bu nə zaman baş verir? Bu gün bütün gənclərin arzusu Avropaya gedib, orada təhsil almaqdır. Ramiz Həsənoğlu da bir növ tənhalığı orada göstərirdi. Biz onsuz da başa düşürük ki, insan dünyaya tənha gəlib, tənha da gedəcək. Bu gün zamanın hökmü bu cürdür. Biz bunun qarşısını ala bilmərik. Bu televiziya filminin mövzusu mənə çox yaxın idi. Çünki oğlum da, nəvəm də Avropadadır. Hər axşam gözümdən bir damcı da olsa yaş gəlməlidir. Nə etmək olar?! Heç bir şey etmək olmaz. Bu filmdə çəkilmək bir növ mənə stimul oldu”


Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Xalidə Quliyeva rejissor, Xalq artisti Ramiz Həsənoğlu haqda danışarkən bildirib.






Rejissoru 80 illik yubileyi münasibəti ilə təbrik edən aktrisa daha sonra onun məşq prosesindəki ciddiliyindən danışıb:


“Ramiz müəllimin bir kəlməsi bəs idi. Şəxsən mənə. Bir kəlmə deməklə mən bilirdim ki, o nə istəyir?! Uzun-uzadı danışan deyildi. Replika atır, sən anlayırsan ki, neyləmək lazımdır? Komanda peşəkar olanda, rejissor peşəkar olanda, mövzu bu günlə səsləşəndə onu yaşamaq da, oynamaq da çox rahatdır. Ramiz müəllim bizim ana televiziyamızın tarixidir, tarixi abidəmizdir. Onun məşqlərində nəfəs almaq, zarafat etmək olmur. O qədər işində ciddidir ki. Özümüzü yığışdırırıq. Mən özümü xoşbəxt hesab edirəm ki, onunla birlikdə çalışmışam” deyə aktrisa bildirib.