Oktyabrda keçiriləcək səsvermə son onilliklərin ən mühüm siyasi hadisələrindən biri hesab olunur.
İsrail parlamenti - Knesset öz fəaliyyətini başa vuraraq buraxılıb. Ölkədə növbəti parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Bu tarix qanunla əvvəlcədən müəyyən edilib və uzun illərdən sonra ilk dəfədir ki, parlament tam dörd illik səlahiyyət müddətini başa vuraraq seçkiyə gedir.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
Seçki tarixi niyə məhz oktyabrın 27-dir?
İsrail qanunvericiliyinə görə, parlament seçkiləri yəhudi təqviminin Heşvan ayına təsadüf edən çərşənbə axşamı günü keçirilməlidir. Bu dövr dini bayramlardan sonraya, qış mövsümündən əvvəlki vaxta düşdüyü üçün seçki kampaniyasının təşkili baxımından ən əlverişli hesab olunur.
Analitiklər qeyd edir ki, əgər son anda fövqəladə vəziyyət yaranmasa, bu, 1988-ci ildən bəri ilk dəfə olacaq ki, İsraildə parlament seçkiləri vaxtından əvvəl deyil, qanunda nəzərdə tutulan tarixdə keçiriləcək.
Seçkilər müharibə və siyasi böhran fonunda keçiriləcək
Müşahidəçilərin fikrincə, qarşıdan gələn seçkilər ölkənin son illərdə yaşadığı ən gərgin siyasi dövrlərdən birinin yekunu olacaq. Müharibə, uzun sürən hökumət böhranları, kütləvi etirazlar, ultraortodoks yəhudilərin hərbi xidmətə cəlb edilməsi ətrafındakı mübahisələr və qəbul edilən qalmaqallı qanunlar seçki kampaniyasının əsas mövzularına çevriləcək.
Həm hökumət tərəfdarları, həm də müxalifət seçkilərə xüsusi önəm verir. Xaricdə yaşayan İsrail vətəndaşlarına da səs vermək üçün ölkəyə qayıtmaq çağırışları edilir. Ekspertlər hesab edirbki, oktyabrın 27-də keçiriləcək səsvermə təkcə yeni parlamenti deyil, həm də İsrailin yaxın illərdəki siyasi kursunu müəyyənləşdirəcək.