Bəzi qeyri-müəyyən əlamətlər ilk baxışdan təhlükəsiz görünsə də, ciddi xəstəliklərin erkən xəbərçisi ola bilər. Mütəxəssislər belə simptomların vaxtında tanınmasının müalicənin uğuru üçün böyük əhəmiyyət daşıdığını bildirir.
Moderator.az xəbər verir ki, bu barədə "dayilymail.com" nəşri yazıb.
Başgicəllənmə və həddindən artıq tərləmə
Başgicəllənmə bəzən qəfil ayağa qalxmaq və ya susuzluqdan qaynaqlansa da, tez-tez təkrarlanması beyin, daxili qulaq, həzm sistemi, ürək-damar sistemi, qalxanabənzər vəzi xəstəlikləri, şəkərli diabet, anemiya və ya arterial təzyiq problemlərindən xəbər verə bilər. Əgər bu hal ürəkbulanma və ya qusma ilə müşayiət olunursa, həkimə müraciət etmək tövsiyə edilir.
Həddindən artıq tərləmə isə fiziki gərginlik, stres və ya acı qidalarla əlaqəli ola bilər. Lakin bu əlamət qalxanabənzər vəzi xəstəlikləri, diabet, ürək problemləri, infeksiyalar, bəzi onkoloji xəstəliklər və hətta müəyyən dərmanların yan təsiri ilə də bağlı ola bilər.
Daim üşümək və səbəbsiz arıqlamaq
İnsan özünü davamlı üşüyən hiss edirsə, bu, qalxanabənzər vəzin hormon çatışmazlığı, anemiya, qan dövranı pozğunluğu və ya qanda şəkərin aşağı olması ilə əlaqədar ola bilər. Mütəxəssislər bu halda qidalanmaya və orqanizmdə dəmir səviyyəsinə diqqət yetirməyi məsləhət görür.
Heç bir səbəb olmadan çəkinin azalması isə xərçəng, qalxanabənzər vəzi xəstəlikləri, Kron xəstəliyi, diabet, ürək xəstəlikləri, həmçinin depressiya və narahatlıq pozuntuları kimi ciddi problemlərin əlaməti ola bilər. Belə hallarda tibbi müayinədən keçmək vacibdir.
Dəridə dəyişən xallar təhlükəli siqnal ola bilər
Dəridə yeni xal və ya ləkələrin əmələ gəlməsi, yaxud mövcud xalların formasının, rənginin və ölçüsünün dəyişməsi melanoma da daxil olmaqla dəri xərçənginin əlaməti ola bilər. Mütəxəssislər dəridəki dəyişiklikləri mütəmadi izləməyi və şübhəli əlamətlər aşkarlandıqda dermatoloqa müraciət etməyi tövsiyə edir.
Həkimlər vurğulayır ki, bu əlamətlər hər zaman ciddi xəstəlik demək olmasa da, onları diqqətsiz qoymaq olmaz. Vaxtında müayinə və diaqnoz ağır fəsadların qarşısını almağa kömək edə bilər.