Fransa Almaniya ilə nüvə çəkindirməsi sahəsində genişmiqyaslı əməkdaşlığı inkişaf etdirməyə hazırdır.


Moderator.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Almaniya Kansleri Fridrix Merz ilə keçirdiyi danışıqlardan və birgə hökumətlərarası iclasdan sonra bildirib.






Makronun sözlərinə görə, Paris Almaniya ilə bu istiqamətdə mümkün qədər irəli getmək niyyətindədir. O vurğulayıb ki, məqsəd Avropa qitəsinin təhlükəsizliyini gücləndirmək və potensial rəqiblər üçün əlavə nüvə çəkindirmə imkanları yaratmaqdır.


Fransa Prezidenti qeyd edib ki, tərəflər bu əməkdaşlığın əsas istiqamətlərini artıq müzakirə ediblər. Onun sözlərinə görə, proqram Almaniyadan əlavə maliyyə vəsaiti tələb etməyəcək, çünki Fransa nüvə qüvvələrinin maliyyələşdirilməsini tam şəkildə özü həyata keçirəcək.


Makron bildirib ki, əməkdaşlıq çərçivəsində tərəflər arasında strateji yaxınlığın artırılması, məxfi məlumat mübadiləsi, birgə təlimlərin keçirilməsi, həmçinin ekspertlər və hərbçilər arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.


O əlavə edib ki, hazırda müzakirə olunan bütün planların təfərrüatlarını açıqlamaq niyyətində deyil, çünki tam şəffaflığın hər zaman ən effektiv strategiya olmadığını hesab edir.