Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Kanadada baş verən meşə yanğınları səbəbindən Nyu-York və onun ətrafını bürüyən qatı tüstüyə baxmayaraq, DÇ-2026-nın finalını başqa tarixə keçirməyi planlaşdırmır.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, mövcud vəziyyətlə əlaqədar FIFA nümayəndələri ilə Ağ Evin 2026-cı il dünya çempionatı üzrə işçi qrupunun rəhbəri Endryu Culiani arasında qeyri-rəsmi müzakirələr aparılıb.
"Bloomberg" qeyd edir ki, sinoptiklərin proqnozlarına əsasən, iyulun 18-də havanın keyfiyyətinin bir qədər pisləşməsi gözlənilsə də, ayın 19-na duman böyük ölçüdə çəkiləcək.
Dünya çempionatının həlledici qarşılaşması Nyu-Yorkun yaxınlığında yerləşən İst-Raterforddakı (Nyu-Cersi ştatı) "Metlife" stadionunda baş tutacaq.
İyulun 17-si səhər saatlarında Nyu-Yorkda havanın keyfiyyət indeksi "sağlamlıq üçün zərərli" kimi qiymətləndirilən 166 səviyyəsində qeydə alınıb. Hazırda isə bu göstərici 67-yə qədər enib ki, bu da orta çirklənmə səviyyəsi hesab olunur.
Qeyd edək ki, DÇ-2026-nın finalı iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Həlledici qarşılaşmada Argentina və İspaniya milliləri üz-üzə gələcəklər.