Ukrayna Silahlı Qüvvələri son günlər həm Rusiyanın daxili ərazilərindəki logistika obyektlərinə, həm də Qara və Azov dənizlərində fəaliyyət göstərən "kölgə donanmasına" qarşı zərbələri genişləndirib. Hücumların əsas məqsədinin Rusiyanın yanacaq və yük daşımalarını pozmaq olduğu bildirilir.


Moderator.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri yazıb.






Moskva ətrafında neft bazası və logistika mərkəzi vuruldu


İyulun 18-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları Moskva da daxil olmaqla Rusiyanın bir sıra bölgələrinə hücum edib. Rusiya tərəfi paytaxta yaxınlaşan onlarla PUA-nın vurulduğunu açıqlasa da, sosial şəbəkələrdə Moskva yaxınlığındakı Noqinsk şəhərində yerləşən və "Mostransneft" şirkətinə məxsus olduğu ehtimal edilən neft bazasında yanğın baş verdiyini əks etdirən görüntülər yayılıb.


Bundan başqa, Vladimir vilayətində çoxmərtəbəli yaşayış binasına PUA zərbəsi nəticəsində mənzillərdən birində yanğın qeydə alınıb. Tambov vilayətində isə Rusiyanın ən iri logistika mərkəzlərindən biri olan "Wildberries" anbarında güclü yanğın baş verib. Yerli hakimiyyət ölən və yaralananların olduğunu bildirib.


"Kölgə donanması"na qarşı əməliyyat genişlənir


Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin (Madyar) sözlərinə görə, "MoLoÇKa" əməliyyatı çərçivəsində daha 13 Rusiya gəmisinə zərbə endirilib. Onların arasında 8 yük gəmisi, tanker, tanker-qazdaşıyan, yedək gəmisi və iki üzən kran var.


Komandan bildirib ki, iyulun 6-dan davam edən əməliyyat zamanı ümumilikdə 172 gəmi vurulub. Əsas məqsəd Rusiyanın beynəlxalq sanksiyalardan yan keçərək həyata keçirdiyi neft, yanacaq və digər yüklərin dəniz daşımalarını iflic etməkdir. Onun sözlərinə görə, Ukrayna ekoloji fəlakət yaratmağı deyil, gəmiləri hərəkətsiz vəziyyətə salmağı hədəfləyir.


Analitiklər hesab edir ki, Ukraynanın Rusiyanın enerji və logistika infrastrukturuna qarşı uzaqmənzilli hücumları son aylarda əhəmiyyətli dərəcədə intensivləşib və ölkənin hərbi təchizat zəncirinə artan təzyiq göstərir.