Rusiyanın Donbas planı gözlənilən nəticəni vermir, Putin böyük itkilər bahasına irəliləyə bilmir
Rusiya ordusunun təxminən bir ildir Konstantinovkanı ələ keçirmək cəhdləri hələ də həlledici nəticə verməyib. Moskvanın şəhərin nəzarətə götürüldüyü barədə açıqlamalarına baxmayaraq, Ukrayna tərəfi bunu təkzib edir və döyüşlərin davam etdiyini bildirir.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.
Döyüşlər davam edir, itkilər artır
Nəşr yazır ki, geolokasiya məlumatları və döyüş xəritələri Rusiya qüvvələrinin yalnız şəhərin bəzi hissələrində möhkəmlənməyə çalışdığını göstərir. Şəhərin mərkəzində isə döyüşlər davam edir.
CNN qeyd edir ki, uzunmüddətli hücumlar nəticəsində Konstantinovka demək olar ki, tamamilə dağılıb, lakin bu, Rusiyaya həlledici üstünlük qazandırmayıb. Qərb mənbələrinin məlumatına görə, Rusiya ordusunun aylıq itkiləri 35 min nəfərə qədər ölü və yaralı təşkil edə bilər. Buna baxmayaraq, irəliləyişin tempi aşağı olaraq qalır.
Məqsədlərə çatmaq çətinləşir
CNN hesab edir ki, Konstantinovkanın tam ələ keçirilməsi belə Rusiyaya Kramatorsk və Slavyansk istiqamətində sürətli irəliləyiş təmin etməyəcək. Nəşrin qiymətləndirməsinə görə, bunun üçün aylarla davam edəcək ağır döyüşlər tələb oluna bilər.
Ukrayna tərəfi isə şəhərin hələ də Müdafiə Qüvvələrinin nəzarətində olduğunu, Rusiya ordusunun şəhərə daxil olmaq cəhdlərinin dəf edildiyini və onun logistika marşrutlarına zərbələrin davam etdiyini bildirir.
Putinin reytinqində geriləmə
Bu arada Rusiyanın İctimai Rəy Fondunun (FOM) keçirdiyi sorğuya əsasən, Vladimir Putinin fəaliyyətini bəyənənlərin payı son bir həftədə 5 faiz bəndi azalaraq 66 faizə enib. İlin əvvəlindən bəri isə bu göstərici 15 faiz bəndi geriləyib. Sorğu həmçinin Rusiya hökumətinin fəaliyyətinə dəstəyin də azaldığını göstərir.