Ukraynanın logistika marşrutları, enerji infrastrukturu və neft obyektlərinə endirdiyi zərbələrdən sonra işğal altındakı Krımda vəziyyət xeyli pisləşib.
Moderator.az xəbər verir ki, bu barədə "Al Jazeera" nəşri yazıb.
Nəşr yazır ki, işğalçı administrasiya artıq yanacaq qıtlığını, elektrik enerjisində fasilələri və normal rejimə qayıdışla bağlı qeyri-müəyyənliyi etiraf edir.
"Moloçka" əməliyyatı logistikanı hədəfə alıb
İyulun 6-da başlayan "Moloçka" əməliyyatının əsas məqsədi Kerç boğazı vasitəsilə neft daşımalarını təmin edən Rusiya "kölgə donanmasının" fəaliyyətini pozmaqdır. Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) bildirib ki, əməliyyatın ilk on günündə 147 gəmi vurulub və iyulun 13-nə qədər boğazdan hərəkət demək olar ki, dayanıb. Nəticədə Krıma neft və yanacaq tədarükü minimum səviyyəyə enib.
İşğalçı administrasiya böhranı etiraf edir
Krımın işğalçı rəhbəri Sergey Aksyonov yanacaqdoldurma məntəqələrində benzinin gündəlik satışına zəmanət verə bilmədiklərini, elektrik enerjisinin verilməsi ilə bağlı dəqiq qrafiklərin də olmadığını açıqlayıb. Ukrayna zərbələri nəticəsində yarımadadakı elektrik stansiyaları, yarımstansiyalar və enerji qovşaqları da hədəfə alınıb. Elektrik çatışmazlığı səbəbindən küçə işıqları söndürülür, əhaliyə generator və qaz balonları paylanır.
Ukrayna zərbələri genişləndirir
Ukrayna eyni zamanda Rusiyanın neft emalı zavodları və yanacaq bazalarına uzaqmənzilli PUA hücumlarını davam etdirir. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, ilin ilk altı ayında təxminən 700 uzaqmənzilli hədəf vurulub və Rusiyaya dəyən zərər 6,1 milyard dollar qiymətləndirilir. "The Economist" Krımın tam təcrid edilməsinin gələcək danışıqlarda Ukraynanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə biləcəyini hesab edir.