Bir müddət əvvəl Akademik Musiqili Teatrın aktrisası Gülçöhrə Abdullayeva saytımıza müraciət edərək, “Günəşli” inşaatın rəhbəri Firutan Məmmədovun onun tikinti üçün verdiyi pulunu ələ keçirdiyini bildirmişdi. Sənətçi torpaq probleminin həll olunduğunu deyib.
Aktrisa Moderator.az-a açıqlamasında bildirib ki, tikinti üçün ayrılmış yeri sözügedən şəxsdən geri alıb:
“Torpaq sahəsini geri aldım. Sizin sayt mənim problemimi dəqiq və qərəzsiz işıqlandırdı, ikili oyun oynamadız. Buna görə sizə təşəkkür edirəm. Sizdən sonra bir çox televiziya və sayt işıqlandırdı. Onun çəkinəcəyi yer təkcə mətbuat idi. Gördü ki, başqa qaçacağı yer yoxdur. Ondan bir qarış torpaq almaq belə mümkün deyildi, amma sizin sayənizdə mən bunu bacardım. Pulu qaytarmadı, amma torpağı qaytardı. Həmin şəxs deyir ki, 4, 8 sotdur, amma mənə elə gəlir ki, orada 3,5 sot ancaq olar. Gələn həftə ölçdürəcəm. Amma təcili satışa çıxarmışam. Özü də yarımtikili ilə birlikdə. Sevinirəm ki, torpağı geri ala bilmişəm” deyə aktrisa bildirib.
Qeyd edək ki, aktrisa Gülçöhrə Abdullayeva “Günəşli inşaat” tikinti şirkətinin sahibi Firutan Məmmədovun ona 16 min manat borclu olduğunu bildirmişdi.