Latın Amerikası narkokartelləri Avropaya kokain çatdırmaq üçün yeni marşrut yaradıblar. Sürətli katerlər Atlantik okeanında yük gəmilərini gözləyir, daha sonra isə kokaini açıq dənizdə qəbul edərək Avropa sahillərinə daşıyırlar.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" nəşri yazıb.
Açıq okeanda "üzən şəhərlər"
Fransa Narkotiklərlə Mübarizə İdarəsinin
rəhbəri Dimitri Zulasın sözlərinə görə, bəzi katerlər açıq okeanda bir-birinə bağlanaraq müvəqqəti "üzən düşərgələr" yaradır. Onlara yanacaq, ərzaq, içməli su və digər təminat çatdırılır. Silahlı şəxslərin də olduğu bu mənzərəni Zulas belə təsvir edib: "Bu, sanki açıq okeanda "Dəli Maks" filmindən bir səhnədir."
Narkotiklərin yeni marşrutu
Müstəntiqlərin məlumatına görə, qaçaqmalçılar əvvəlki kimi kokaini dənizə atıb sonradan götürmək əvəzinə, indi yükü bir gəmidən digərinə birbaşa açıq okeanda ötürürlər. Bu üsul xüsusilə Azor və Kanar adaları arasında geniş yayılıb.
"Europol" bildirir ki, əvvəllər 100 kiloqram kokainin ələ keçirilməsi böyük uğur sayılırdısa, indi bir sürətli kater təkbaşına 4 tona qədər kokain daşıya bilir. 2025-ci ildə Avropa Narkotiklərlə Mübarizə Mərkəzinin köməyi ilə 92 ton kokain müsadirə olunsa da, ekspertlər yüzlərlə ton narkotikin yenə də Avropaya çatdığını hesab edir.
Avropa yeni təhlükəyə qarşı mübarizəni gücləndirir
İspaniya və Portuqaliya bu tip katerlərin istehsalını və saxlanmasını qadağan edən qanunlar qəbul edib. Birgə əməliyyatlar zamanı onlarla kater, mühərrik və 10 tondan çox kokain ələ keçirilib. Bununla belə, Avropa hüquq-mühafizə orqanları etiraf edir ki, sürətli katerləri təqib etmək üçün kifayət qədər gəmi və aviasiya vasitələri yoxdur.
Fransa isə bu sahədə yeni taktika tətbiq edir: hərbi dəniz qüvvələrinin snayperləri qaçaqmalçı katerlərinin mühərriklərini hədəfə alaraq onları dayandırır. Mütəxəssislər hesab edir ki, Atlantik okeanında narkotik qaçaqmalçılığına qarşı mübarizə getdikcə beynəlxalq hərbi əməliyyatlara bənzəməyə başlayır.