İlk iştirak, yüksək nəticə: 92,5 bal toplayan müəllim namizədindən tövsiyə
18 Jul 2026, 18:17 3 baxış 2 dəq oxuma
"Yüksək nəticə əldə etmək üçün zəhmət çəkmək və öz biliyinə güvənmək lazımdır".
Bu sözləri MİQ imtahanında ilk iştirakında ingilis dili fənni üzrə 92,5 bal toplayan namizəd Göyçək Həsənzadə AzEdu.az-a açıqlamasında bildirib.
"Bu il Sumqayıt Dövlət Universitetini bitirmişəm və MİQ imtahanında ilk dəfə iştirak etmişəm. İngilis dili fənni üzrə 92,5 bal topladım. Yüksək nəticə əldə etdiyim üçün çox sevinirəm.
İngilis dili üzrə suallar mənim üçün kifayət qədər asan idi. Ən çox narahat olduğum hissə kurikulum idi. Lakin nəticələr göstərdi ki, bu hissədə də ciddi çətinlik yaşamamışam.
Düzünü desəm, bu nəticəni özümdən gözləyirdim. Çünki ingilis dilini uşaqlıqdan çox sevmişəm və illərdir bu dillə sıx məşğul oluram. Hazırda ingilis dilində sərbəst danışıram və B2 səviyyəsində biliyim var. Bu da imtahanda mənim üçün mühüm üstünlük oldu.
Mənə görə, yüksək bal toplamağın sirri hər kəs üçün fərqli ola bilər. Şəxsən mən çox çalışmışam və əvvəlki illərdə qazandığım biliklər də bu nəticəyə çatmağımda böyük rol oynayıb. Bununla yanaşı, hesab edirəm ki, ingilis dilini mükəmməl səviyyədə bilməyən namizədlər də kifayət qədər zəhmət çəkərək və vaxt ayıraraq yüksək nəticə əldə edə bilərlər.
Pedaqoji təcrübə keçmişəm. Universitetin dördüncü kursunun ikinci semestrində özəl məktəblərdən birində pedaqoji təcrübədə olmuşam. Gələcəkdə pedaqoji fəaliyyətimi Bakı məktəblərindən birində davam etdirmək istəyirəm".