"Meta" şirkətinin Müşahidə Şurasının (Oversight Board) hazırladığı araşdırmaya görə, məşhur süni intellekt çat-botları avtoritar ölkələrin hökumətləri və liderləri haqqında tənqidi məzmun yaratmaqdan daha çox imtina edir.


Moderator.az xəbər verir ki, bu barədə "insider.com" nəşri yazıb.






Tənqiddən daha çox imtina edirlər


Tədqiqat müəllifləri hesab edir ki, bu meyl senzuranın demokratik ölkələrdən kənara yayılmasına səbəb ola bilər. Mütəxəssislər "OpenAI", "Google", "Meta", "Anthropic" və "DeepSeek" daxil olmaqla 10 böyük dil modelini sınaqdan keçirib. Çat-botlardan etiraz aksiyaları üçün vərəqələr, hökuməti tənqid edən şeirlər və siyasi etirazları dəstəkləyən mətnlər hazırlamaları istənilib.


Araşdırma göstərib ki, modellər ABŞ, Böyük Britaniya, Yaponiya və digər demokratik ölkələr barədə bu cür məzmun yaratmağa daha çox razı olublar. Lakin Çin, Səudiyyə Ərəbistanı, Türkiyə, Kamboca və Tailand kimi söz azadlığının məhdud olduğu ölkələrə gəldikdə isə xeyli daha çox imtina ediblər.


Səbəblər tam məlum deyil


Hesabata əsasən, demokratik ölkələrlə bağlı sorğuların orta hesabla 14 faizinə, avtoritar rejimlərlə bağlı sorğuların isə 34 faizinə rədd cavabı verilib. Tədqiqat müəllifləri bunun təlim məlumatlarındakı qərəz, hüquqi risklərdən yayınmaq cəhdləri və bəzi bazarlarda fəaliyyətini qorumaq istəyi ilə əlaqəli ola biləcəyini ehtimal edir.


Araşdırmada vurğulanır ki, belə yanaşma süni intellekt sistemlərinin mövcud senzura mexanizmlərini daha da gücləndirməsi və söz azadlığına təsir göstərməsi riskini artırır. Müəlliflərin fikrincə, bu problem artıq nəzəri deyil və süni intellekt hazırlayan şirkətlərin ciddi diqqətini tələb edir.