Prezident İlham Əliyev 13 iyul 2026-cı il tarixində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumundakı çıxışında keçmiş Minsk qrupu və onun riyakar fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Minsk qrupuna həmsədrlik edən dövlətlərin problemin həllindən daha çox onun dondurulmasına çalışdığını vurğulayan dövlət başçısı, həmsədr dövlətlərin BMT Təhıükəsizlik Şurasında qəbul etdikləri qətnamələrə zidd mövqe sərfgilədiyini qeyd edib:


“Təəssüf ki, təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in ozamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onlar tam sinxron şəkildə fəaliyyət göstərirdi və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi”.






Prezident İlham Əliyevin keçmiş Minsk qrupu ilə bağlı məlum fikirlərində bu nüans – həmsədr dövlətlərin öz qəbul etdikləri qətnaməyə dönük  çıxması, həqiqət və ədalətə xəyanət etməsi yaxın keçmişimizin ən ağrılı gerçəkliyindən biridir. Həqiqətən də, Minsk qrupuna  həmsədrlik edən dövlətlər uzun illər ərzində  BMT-nin prinsiplərinə, beynəlxalq hüquqa, bəşəri vicdan və ədalətə xəyanət edərək işğala məruz qalan Azərbaycana əsassız təzyiqlər göstərib, onun öz ərazi bütövlüyünü təmin etməsinə mane olub. Məhz onların dəstəyi və himayədarlığı səbəbilə Ermənistan problemin diplomatik yolla həllinə maraq göstərməyib, məsələnin siyasi yolla tənzimlənməsi üçün gərəkli olan bütün körpüləri yandırıb.


Bundan başqa, həmsədr dövlətlər Azərbaycanı Qarabağ probleminin hərbi yolla həllindən çəkindirmək istiqamətində də sistemli addımlar atıblar. Məhz bu məqsədlə onlar Azərbaycanı inandırmağa çalışıblar ki, problemin hərbi yolla həlli mümkün deyil. Halbuki, Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan 2020-ci ilin Vətən müharibəsində işğalçı Ermənistan ordusunu cəmi 44 gün ərzində darmadağın edərək tarixi zəfər imza atdı, işğal probleminə son qoydu. Azərbaycan bununla sübut etdi ki, proiblemin hərbi yolla həlli perspektivi var və xalqımız bu perspektivi maksimum şəkildə dəyərləndirməyə qadirdir.


Heç şübhə yoxdur ki, Minsk qrupunun xəyanətkar və riyakar fəaliyyəti xalqımız tərəfindən əsrlər sonra da lənətlə yad ediləcək, ölkəmizin bunca təzyiq və təhdid altında öz ləyaqətini qoruması, torpaqlarına sahib çıxması sonsuza qədər əbədi iftixar hissi ilə xatırlanacaq.


Seymur ƏLİYEV