İmpotensiyaya və morfidən asılılığa qarşı yaradılan içkinin tarixçəsi
Bu gün dünyada sudan və çaydan sonra ən çox istehlak olunan içkilərdən biri olan "Coca-Cola" ilk illərində tamamilə fərqli məqsədlə hazırlanıb. 1886-cı ildə satışa çıxarılan içkinin tərkibində hətta kokain də olub və o, apteklərdə dərman kimi satılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Space Daily" nəşri yazıb.
Morfindən xilas olmaq üçün yaradılıb
"Coca-Cola"-nın müəllifi, ABŞ Vətəndaş müharibəsinin veteranı və əczaçı Con Pemberton döyüşdə aldığı yaradan sonra morfin asılılığına düçar olub. O dövrdə həkimlər kokaini morfinə "təhlükəsiz alternativ" hesab etdikləri üçün Pemberton da yeni içkisini bu ideya əsasında hazırlayıb.
İlk resept şərab, koka yarpağı və kola qozundan ibarət olsa da, Atlantada "quru qanun" tətbiq edildikdən sonra spirt reseptdən çıxarılıb. Onun yerinə şəkər siropu, limon turşusu və qazlı su əlavə olunub. Beləliklə, bugünkü Coca-Cola-nın əsası qoyulub.
Əvvəl dərman olub, sonra dünya brendinə çevrilib
İlk "Coca-Cola" stəkanları 1886-cı il mayın 8-də satılıb. İçki miqren, yorğunluq, depressiya, morfin asılılığı və hətta impotensiyaya qarşı "müalicə vasitəsi" kimi reklam edilib. Hər porsiyada təxminən 9 milliqram kokain olub. Şirkət 1903-cü ildən kokainsiz koka yarpaqlarından istifadə etməyə başlayıb, 1929-cu ildə isə narkotik maddənin izləri reseptdən tamamilə çıxarılıb.
Pemberton isə yaratdığı məhsulun qlobal uğurunu görə bilməyib. O, ölümündən əvvəl şirkətdəki payını satıb. Sonradan biznesmen Asa Kendler "Coca-Cola"-nı dərman vasitəsindən dünyanın ən məşhur sərinləşdirici içki brendlərindən birinə çevirib. Bu gün şirkət hər gün milyardlarla porsiya "Coca-Cola" satır.