Xalq artistindən İRAD: “Bəs Şəki və Lənkərandan çıxan xanəndələr hansı muğam məktəbinə aiddir?” - ÖZƏL
19 Jul 2026, 10:53 32 baxış 2 dəq oxuma
“İyul ayının 13-dən Milli Konservatoriyadan məzuniyyətə çıxmışam. Dişlərimi müalicə etdirdiyim üçün nə xaricə gedə bilirəm, nə də ölkə daxilində istirahət edirəm. Yeni dərs mövsümdə tələbələrlə tanış olacağıq. Başqa planımız yoxdur. Hər il eyni planı doldururuq da. Təzə tələbə ilə işləyəndə həm müəllimdə, həm də tələbədə həvəs olur. Mən tələbəyə görə həvəsdən düşən müəllimlərdən deyiləm. Əksinə, zəif tələbə ilə daha çox işləyirəm. Ona daha çox diqqət ayırıram, ruhdan düşmürəm. Məcbur edirəm ki, o da nəsə öyrənsin. Mənim xasiyyətimi hamı bilir, şişirdib danışmıram”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Zabit Nəbizadə deyib.
Sənətkar muğamı bölgələrə bölənlərdən də danışıb:
“Muğamda ləhçə ola bilər. “Rast” muğamı Azərbaycanın bütün bölgələrində eyni muğamdır, eyni də oxunur. Eyni guşələrdi, eyni şöbələrdir. Ora heç kim özündən nəsə artırmayıb. Yaxşı, tutaq ki, Qarabağ, Şamaxı və Bakı muğam məktəbi var, bəs cənub tərəfdən çıxan sənətkarlar hansı məktəbə aiddir?! Şəkidən xanəndələr çıxıb, o hansı regiona muğam məktəbinə bağlıdır?! Sadəcə olaraq Bakı və Şamaxıda xanəndələr çox yetişib. Azərbaycanı bölgələrə bölmək olmaz. Hər bölgənin gözəl sənətkarları və xanəndələri var. Azərbaycanda hər zaman gözəl sənətkarlar yetişib, yetişəcək də”.