“1 il bundan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə getdim. Onlara müraciət edərək dedim ki, mənə də oradan 1 otaq verin, heç olmasa ayda 1 dəfə gedib torpağımın havasını alım. Onlardan 5 otaqlı ev istəmədim ki.. Mənə dedilər ki, sən orada qeydiyyatda yoxsan, sənə ev düşmür. Bildirdilər ki, hər kəsi yerləşdirəndən sonra özün torpaq alıb, ev tikə bilərsən. Özü də bu sözü elə soyuqqanlılıqla dedilər ki.. Onların bu sözü mənə o qədər ağır təsir etdi ki.. Qəlbimi qırdılar, ürəyimi sındırdılar (ağlayır). Ondan sonra heç yerə nə müraciət etdim, nə də maraqlandım”.
 




Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, tanınmış xanəndə Yaqut Abdullayeva deyib.
 
O daha sonra əlavə edib:

“Mən orada doğulub boya-başa çatmışam. Cəbrayıl deyiləndə birinci Yaqutun adı çəkilib.Hər gün xəyalımda oralara gedib-gəlirəm, hər gün ağlayıram (ağlayır). Bizim evimiz Cəbrayılın mərkəzində idi. Necə ola bilər ki, mənim orada evim ola-ola, siz mənə deyəsiz ki, orada qeydiyyatda deyilsiz?! Mən təhsilimlə bağlı Bakıya gəlmişəm, burada yaşamışam. Mənə 1 otaqlı evi çox görürsüz? Ora mənim torpağım, diyarım, vətənimdir. Cənab prezidentimlə də mən Cəbrayılda görüşmüşəm, ona orada təşəkkür etmişəm. Hər gün Cəbrayıla getmək arzusu ilə yaşayıram. Ümid edirəm və inanıram ki, bu arzum gerçəkləşəcək”.