2026-cı il dünya çempionatının üçüncü yer uğrunda İngiltərə - Fransa oyunu turnirin ən dramatik və məhsuldar qarşılaşmalarından birinə çevrildi. 




 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
İlk hissədə İngiltərə rəqibini darmadağın etdi

Nəşr yazır ki, favorit hesab olunan Fransa ilk hissədə gözlənilmədən oyundan qopdu. İngiltərə hesabı artıq 3-cü dəqiqədə Deklan Raysın qolu ilə açdı. Ardınca Ezri Konsa və iki dəfə Bukayo Saka fərqləndi. Komandalar fasiləyə gedərkən tablo ingilislərin 4:0 üstünlüyünü göstərirdi.

Mbappe geri dönüşə ümid yaratdı
 
Fasilədən sonra Fransa tam fərqli oyun nümayiş etdirdi. Kilian Mbappe əvvəlcə özü hesabı açdı, daha sonra Barkolanın qoluna məhsuldar ötürmə verdi və 66-cı dəqiqədə ikinci qolunu vuraraq fərqi minimuma endirdi – 4:3.

Lakin İngiltərə həlledici anda yenidən üstünlüyünü artırdı. Saka penaltidən het-trikini rəsmiləşdirdi və hesabı 5:3 etdi. Əlavə vaxtda Usman Dembele Fransa üçün dördüncü qolu vuraraq intriqanı qaytarsa da, son sözü meydana oyunun sonlarında çıxan Cud Bellinqem dedi - 6:4.

Tarixi nəticə və yeni rekordlar

Beləliklə, İngiltərə dünya çempionatının bürünc medalını qazandı. Qarşılaşmada vurulan 10 qol son onilliklərin ən məhsuldar dünya çempionatı oyunlarından biri kimi tarixə düşdü və üçüncü yer uğrunda matçlar arasında yeni rekord müəyyənləşdirdi. 

Mbappe iki qolla mundiallardakı ümumi qol sayını 22-yə çatdıraraq ən azı final keçirilənədək dünya çempionatları tarixinin ən məhsuldar bombardiri oldu. Buna baxmayaraq, onun parlaq oyunu Fransanı medalsız qalmaqdan xilas etməyə kifayət etmədi.