ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Birləşmiş Ərəb Əmirliklərində həyata keçirdiyi gizli missiyanın gözlənilməz detalları üzə çıxıb.




 
Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.
 
Araşdırmağa göndərildi, texnologiya əməkdaşlığının memarına çevrildi
 
Nəşr yazır ki, 2023-cü ildə BƏƏ-nin G42 texnologiya şirkətinin Çinlə əlaqələrini araşdırmaq üçün göndərilən yüksək vəzifəli MKİ əməkdaşı Conni Qennon sonradan Vaşinqtonla Əbu-Dabi arasında süni intellekt sahəsində əməkdaşlığın əsas vasitəçilərindən birinə çevrilib.
 
Onun əsas vəzifəsi G42-nin və BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayidin etibarlılığını qiymətləndirmək olub. Vaşinqton əmin olmaq istəyib ki, ABŞ-dan göndərilən ən müasir çiplər və texnologiyalar Çin tərəfinin əlinə keçməyəcək.
 
Çin əlaqələri narahatlıq yaradıb
 
ABŞ kəşfiyyatı G42-nin rəhbəri Pen Syaonun keçmiş fəaliyyətinə və şirkətin Çin dövlət müəssisələri ilə əlaqələrinə görə narahat olub. Xüsusilə, onun əvvəllər kütləvi rəqəmsal izləmə sistemləri hazırlayan "DarkMatter" şirkəti ilə əlaqələri Vaşinqtonun şübhələrini artırıb.
 
Lakin Qennon klassik kəşfiyyat metodlarından fərqli yol seçərək ABŞ rəsmiləri ilə G42 rəhbərliyi arasında qeyri-rəsmi vasitəçi rolunu oynayıb. O, Vaşinqtonun tələblərini Əmirlik tərəfinə çatdırıb və Çinlə əməkdaşlığın dayandırılması ilə bağlı verilən vədlərin yerinə yetirilməsinə nəzarət edib.
 
ABŞ texnologiyalarına çıxış əldə edilib
 
Bu danışıqlardan sonra G42 şirkəti korporativ infrastrukturundan təxminən 150 milyon dollar dəyərində "Huawei" avadanlıqlarını çıxarıb, həmçinin amerikalı mütəxəssislərə məlumat mərkəzlərində audit aparmağa icazə verib.
 
Qəzetin yazdığına görə, bu yanaşma Co Bayden administrasiyasında fikir ayrılığı yaradıb. Bir qrup BƏƏ-ni ABŞ üçün mühüm strateji tərəfdaş hesab edərək əməkdaşlığın genişləndirilməsini dəstəkləyib, digərləri isə Qennonun Əmirlik rəhbərliyi ilə həddindən artıq yaxınlaşdığını düşünüb.
 
Sonda kompromis əldə olunub. BƏƏ yüksək məhsuldarlıqlı "Nvidia" çiplərini almaq hüququ qazanıb və bunun nəticəsində regionda iri süni intellekt layihəsi olan Stargate UAE klasterinin yaradılmasına start verilib. Qennon isə 2025-ci ildə MKİ-dən ayrılaraq özəl sektora keçib və hazırda ABŞ müdafiə şirkətləri ilə Əmirlik rəsmiləri arasında biznes əlaqələrinin qurulmasına məsləhətçilik edir.