ABŞ prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının Argentina- İspaniya finalı öncəsi diqqətçəkən açıqlamalar verib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Tramp Nyu-Cersidəki "MetLife" stadionunda keçiriləcək həlledici oyunu tribunadan izləyəcəyini və qarşılaşmadan sonra dünya çempionuna kuboku şəxsən təqdim edəcəyini bildirib. O, turniri "bəşəriyyət tarixinin ən uğurlu idman hadisələrindən biri" adlandıraraq, ABŞ-ın gələcəkdə də dünya çempionatına ev sahibliyi etməsini istədiyini deyib.
Trampın sözlərinə görə, növbəti mundial yenidən ABŞ-də keçirilə bilər və bu dəfə Kanada ilə Meksika olmadan təşkil olunar. Tramp həmçinin FIFA prezidenti Canni İnfantinonun gələcək turnirin ABŞ və Çin tərəfindən birgə keçirilməsi ideyasını dəstəklədiyini də vurğulayıb.
Messinin qarşısında tarixi sınaq
Bu gün keçiriləcək final Lionel Messi üçün də xüsusi əhəmiyyət daşıyır. Argentina qalib gələrsə, 1962-ci ildən bəri dünya çempionu titulunu qoruya bilən ilk komanda olacaq. Lakin statistika cənubi amerikalıların xeyrinə deyil. Turnirə FIFA reytinqinin lideri kimi başlayan heç bir komanda indiyədək dünya çempionu ola bilməyib.
Bundan başqa, finalı idarə edəcək sloveniyalı hakim Slavko Vinçiç də Argentina üçün uğursuz xatirələrlə bağlıdır. O, 2022-ci il dünya çempionatında Argentinanın Səudiyyə Ərəbistanına sensasiyalı məğlub olduğu oyunun baş hakimi olub. Bukmekerlər cüzi üstünlüyü İspaniyaya versələr də, qarşılaşmanın taleyini Lionel Messi amili və hər iki komandanın turnirdə göstərdiyi oyun müəyyən edə bilər.
İspaniya müdafiəsi, Argentina isə Messi ilə fərq yaradır
İspaniya finala inamlı çıxışla yüksəlib. Komanda yeddi oyunda cəmi bir qol buraxıb və müdafiə xətti turnirin ən etibarlılarından biri hesab olunur. Hücumda isə Lamin Yamal, Dani Olmo və Mikel Oyarzabal əsas ümidlərdir. Argentina isə pley-off mərhələsində demək olar ki, bütün qələbələrini böyük çətinliklə qazanıb. Komandanın əsas gücü yenə də 39 yaşlı Lionel Messidir. O, bu mundialda 8 qol vurub, 4 məhsuldar ötürmə verib və hələ də turnirin ən məhsuldar futbolçularından biridir.
Favorit kimdir?
Komandalar dünya çempionatlarının finalında ilk dəfə qarşılaşacaqlar. Onların əvvəlki 14 duelində hər iki tərəf 6 qələbə qazanıb, 2 oyun isə heç-heçə başa çatıb. Beləliklə, bu axşamkı final təkcə dünya çempionunu müəyyənləşdirməyəcək. Messi karyerasının daha bir tarixi uğuruna, İspaniya isə yeni nəslin lideri Lamin Yamalın başçılığı ilə ikinci dünya çempionluğuna doğru həlledici addım atmağa çalışacaq.