"İllərlə uzanan bu qanlı savaş bir anda bitəcək, Günəş doğacaq!" - Andrey Makareviç Putini "öldürdü"
21 Jul 2026, 13:05 32 baxış 3 dəq oxuma
Müəllifin yeni romansında Ukraynada müharibənin yalnız tiranın səhnədən getməsi ilə bitə biləcəyi rəmzi dillə təsvir edilib
Rusiyanın tanınmış şairi və musiqiçisi, siyasi səbəblərə görə 2022-ci ildə İsrailə köçən Andrey Makareviç yeni satirik əsərini təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
Müəllif bu əsərində Ukraynadakı müharibənin əsas səbəbinə işarə edir və bədii vasitələrlə münaqişənin "qəfil və geri dönməz şəkildə" başa çata biləcəyi bir ssenarini təsvir edir.
Müəllifin sadəcə "Romans" adlandırdığı yeni əsərdə müəyyən bir hökmdarın cəbhəyə yollanması və sonda onun üçün ölümcül nəticələnən son döyüşə girməsi istehza ilə təsvir olunur. Əsərdə həmin hökmdarın "yəhudi-banderaçılar" və "ukraynalı nasistlər" adlandırdığı düşmənlərlə döyüşdüyü göstərilir.
Əsərin Rusiya xalqına müraciət kimi yazıldığı aydın hiss olunur.
Döyüşə getməyi əmr etdi tiran,
Əsla hərəkətsiz o qala bilməz!
Özü də meydana getsin o zaman,
Əsla döyüşlərsiz o qala bilməz!
Beləliklə, müəllif gələcək qanlı dramın giriş səhnəsini qurur.
Döyüşdə baş qəhrəmanın qorxmaması üçün şair onu müxtəlif silahlarla təchiz edir, hətta imperiyaçı və işğalçı planlarını bölüşən "bir-iki dostunu" da ona köməyə göndərir.
Yolboyu özünü qorumaq üçün
Bir qılınc, pulemyot, bir at da verək!
Bir-iki dostunu çağıra bilər,
Əfsus ki, beləsi olmasın gərək!
Müəllif son misralarda qəhrəmanına növbəti dəfə, heç olmasa sözlə, özünün uydurduğu düşmənləri məğlub etmək imkanı verir.
Atlar qoy keşnəsin, toz olsun çöllər,
Bir banderaçını ələ keçirsin!
Ukraynalı nasist rastına çıxsa,
Onu əllərilə boğub öldürsün!
Bununla "Romans"ın qələbə ovqatlı giriş hissəsi başa çatır və hadisələr müharibənin daha real sonluğuna doğru yönəlir.
Hekayə faciəvi çalar alır, romans isə müəllifin iradəsi ilə daha amansız məzmun qazanır.
Qaranlıq düşəndə gözlənilmədən
Bir güllə deşəcək o boş başını!
Gözləri əbədi yumulacaqdır,
Tanrı verəcəkdir öz cəzasını!
Lakin müəllif bununla kifayətlənmir və əsəri gələcəyə yönəlmiş nikbin sonluqla tamamlayır. Onun təsvir etdiyi ssenaridə müharibənin sonu məhz bu hadisədən sonra gəlir.
Qurtular beləcə böyük bir ölkə,
Milyonlar rahatca nəfəs alacaq!
İllərlə uzanan bu qanlı savaş
Bir anda bitəcək, Günəş doğacaq!
Müəllif əsərin baş qəhrəmanının kim olduğunu açıq şəkildə demir. Simvolizmdən tez-tez istifadə edən Andrey Makareviç dəfələrlə bildirib ki, incəsənət əsərlərinin izaha ehtiyacı yoxdur. Əks halda onlar öz mahiyyətini itirir.