Ağ-göylərin biabırçılığı: Messi İspaniyanın kölgəsində qaldı, möcüzə baş vermədi - "Le Figaro"
21 Jul 2026, 15:50 36 baxış 2 dəq oxuma
İspaniya tarix yazdı, Messi isə son dünya çempionluğu arzusuna çata bilmədi...
2026-cı il dünya çempionatının finalı futbol tarixinin ən qeyri-adi həlledici oyunlarından biri oldu. İspaniya əlavə vaxtda vurduğu qolla Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu adını qazandı.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri yazıb.
Nəşrin fikrincə, matç boyu üstünlük tamamilə İspaniyanın tərəfində olub. Ferran Torresin 106-cı dəqiqədə vurduğu qoldan sonra ispanlar oyunun tempini bir qədər aşağı salsalar da, rəqibə ciddi şans verməyiblər. Argentina isə ilk zərbəsini yalnız 117-ci dəqiqədə endirib və oyun ərzində qapıya dəqiq zərbə vura bilməyib.
De la Fuentenin əvəzləmələri həlledici oldu
Məqalədə qeyd olunur ki, İspaniya yığmasının baş məşqçisi Luis de la Fuentenin əvəzləmələri oyunun taleyini həll edib. Ehtiyatdan meydana çıxan Niko Uilyams başla dəqiq ötürmə verib, digər əvəzedici Ferran Torres isə topu qapının yuxarı küncünə göndərərək komandasına qələbə qazandırıb.
"Le Figaro" bunu İspaniya millisinin məşqçisinin növbəti uğurlu qərarı və komandanın çempionluğunun əsas amillərindən biri kimi qiymətləndirir.
Messi və Argentina gözləntiləri doğrultmadı
Nəşr Argentinanın çıxışını kəskin tənqid edərək yazır ki, komanda finalda həm texniki-taktiki baxımdan zəif təsir bağışladı, həm də kobud oyunu ilə seçildi. Məqalədə xüsusilə Leandro Paredesin Rodriyə qarşı kobud hərəkəti xatırladılır.
Müəllif Lionel Messinin də bu dəfə möcüzə yarada bilmədiyini vurğulayır. Turnir ərzində parlaq oyun göstərən argentinalı ulduz finalda komandasını xilas edə bilməyib. Məqalədə qeyd olunur ki, 39 yaşlı futbolçunun 2030-cu il dünya çempionatında çıxış etməsi artıq çətin görünür və o, böyük futbol səhnəsini vaxtilə "Barselona"da şöhrət qazandığı İspaniyanın kölgəsində tərk edir.