“Şəfiqə Məmmədova çətin adamdır, “Bizim Cəbiş müəllim”dən başqa bütün filmlərini yada salır” - FOTO+ÖZƏL
22 Jul 2026, 08:50 33 baxış 2 dəq oxuma
“Atamın bağı Pirşağıda idi. O vaxt mən o bağı qardaşıma verdim. O da həmin bağı satdı. Hazırda o bağ pis vəziyyətdədir, alan adam ora elə də yaxşı baxmır. Atamın 100 illiyinə həsr olunan filmə görə ora gedib bir neçə kadr çəkdik. Köhnə bağdır. Əlbəttə ki, o şəxs də bilir ki, bağ kimindir? Çünki həmin bağı alan adamın qaynanası yaxud da anası mənim anamla birlikdə işləyiblər”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, görkəmli rejissor Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli deyib.
O daha sonra böyük təəssüf hissi ilə kinoittifaqda hələ də sədrin seçilməməsini bildirib:
“İttifaqda sonuncu dəfə bəlkə də 20 il bundan əvvəl olmuşam. Atam Həsən Seyidbəyli sədr olanda orada tamam başqa abu-hava var idi. Hazırda orada nələrin baş verdiyini dəqiq deyə bilmərəm. Əli İsa Cabbarovu çox da yaxından tanımıram. Amma bir onu bilirəm ki, Şəfiqə Məmmədova çətin adamdır. Kino ittifaqın sədri gərək rejissor yaxud da kinosernarist olsun. Ömür boyu orada aktyor sədr olmayıb. Həmişə rejissorlar sədr olub. Cəmil Quliyev kimi gözəl və peşəkar insanı mən sədr kimi fikirləşirdim, amma təəssüf ki, namizədliyini irəli sürməyib. Şəfiqə Məmmədovadan ümumiyyətlə danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, atamın yubileyində məzarının üstünə belə gəlmədi. Onun digər filmləri də var, amma Şəfiqə Məmmədova “Bizim Cəbiş müəllim”-dən başqa bütün rollarını və filmlərini yada salır. Atam bu filmi çəkəndən sonra onun adı faktiki olaraq kino aktrisa kimi hallandı və təsdiqləndi”.