“Ən böyük arzum odur ki, əzizlərim, yaxınlarım yanımda olsunlar və sağlam qalsınlar. Yalançı insanları sevmirəm. Allah pis insanlara da mərhəmətli olsun. Çünki pis insanlar özləri də bilmirlər ki, nə edirlər? Onların lori dildə desək “başları yerində” olsaydı pis hərəkətlər etməzdilər. Allahın onlara da yazığı gəlsin. Yanımda hər zaman təmiz, gözəl insanlar olsun. Çünki mənim ürəyim hamıya qarşı açıq və təmizdir. Səhər açılandan çalışdığım Bakı Xoreoqrafiya Akademiyasındakı bütün müəllim heyəti, tələbələrim, dostlarım məni təbrik edirlər. Onların hər birinə minnətdaram”.
 




Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, rəqqasə Cəmilə Bayramova deyib.

O daha sonra əlavə edib:
 
“Mən yenidən dünyaya gəlsəydim yenə də bu sənəti seçərdim. Çünki bu həqiqətən də çox gözəl və çətin sənətdir. Mən bu sənəti seçmişəm, bu yolla getmişəm. Dayanmaq da istəmirəm. Məndən sonra istəyirəm ki, davamçılarım mənim yolumla getsinlər. Arzulayıram ki, mədəniyyətimiz, ələxsus da rəqs sənətimiz bütün dünyada təmsil olunsun, tanınsın. Bu Allah vergisidir. Hər insan rəqqas ola bilməz. İstedad olmalıdır. Ayaqlar, əllər düzgün olmalıdır. Elələri də var ki, gəlib öyrənirlər, sonra görürlər ki, onlarda düzgün alınmır, yollarını dəyişirlər”.

Xalq artisti xanımların kişi kimi rəqs etməsindən də danışıb:
 
“Vallah bilmirəm bunu müasirlik kimi qələmə verirlər yoxsa bildirmək istəyirlər ki, onlar da kişilər kimi mərddir?! Yoxsa elə bu səbəbdən kişilərdən geri qalmaq istəmirlər. Çünki kişi hərəkətləri kifayət qədər sərt və çətindir. Qadınlar da demək istəyir ki, onların da ayaqları çox gözəl işləyir, kişi kimi oynaya bilirlər. Bizim qadınlarımız çox zəhmətkeşdirlər. Əksəriyyəti fiziki iş görür, kişilər kimi bir yerdə durmurlar. “Yallı” rəqsində ola bilər ki, qadınlar ayaqlarını kişi kimi atsınlar. Toyda oynayırlarsa özləri bilərlər. Bu hər kəsin öz şəxsi işidir. Amma səhnədə xanımlar elə xanım kimi rəqs etsələr yaxşıdır”.