CENTCOM əməliyyatın başa çatdığını açıqladı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı hərbi əməliyyatların başa çatdığını elan edib. Bildirilir ki, zərbələr hərbi əməliyyat mərkəzləri, dəniz bazaları, pilotsuz aparat obyektləri, aviasiya infrastrukturu və hərbi logistika məntəqələrinə endirilib.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
Vaşinqtonun açıqlamasına görə, əsas məqsəd İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyi təhdid etmək imkanlarını zəiflətmək olub. Eyni zamanda İranın müxtəlif bölgələrində, o cümlədən Tehran, Təbriz, Buşehr və digər şəhərlərdə partlayışlar qeydə alınıb. İran isə Bəhreyndə "Amazon" şirkətinin regional məlumat emalı mərkəzinə zərbə endirdiyini iddia edib. Bundan başqa, husilər Bab əl-Məndəb boğazında gəmiçiliyə təhlükə yaratmaqda davam edir.
"İranın raket potensialı hələ də təhlükəlidir"
"The Wall Street Journal" yazır ki, ABŞ və İsrailin aylarla davam edən zərbələrinə baxmayaraq, İran raket arsenalının mühüm hissəsini qoruyub saxlayıb. Qəzetin məlumatına görə, İordaniyadakı ABŞ aviabazasına hücumda "Xeybər Şekan" orta mənzilli ballistik raketindən istifadə olunub.
Nəşr qeyd edir ki, İran atəşkəs dövründə yeraltı raket bazalarının girişlərini bərpa edib və onların fəaliyyətini yenidən qurub. ABŞ müdafiə naziri Pit Heqset də etiraf edib ki, Vaşinqton heç vaxt İranın raket imkanlarını tamamilə sıradan çıxarmağı gözləməyib.
Bu arada İsraildə hesab edirlər ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi kampaniyanı genişləndirməsi ehtimalı artır. Rəsmi Tel-Əviv hələlik münaqişəyə birbaşa qoşulmaq istəməsə də, İranın İsrailə hücumu halında bütün hərbi gücü ilə cavab verəcəyini bəyan edib.