Ukrayna bu ilin əvvəlindən Krıma qarşı tarixdə ən uzunmüddətli və genişmiqyaslı hava əməliyyatını həyata keçirir. Zərbələr həm yarımadaya, həm də onu Rusiya ilə birləşdirən quru və dəniz logistikasına yönəlib.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Yarımadada həyat getdikcə çətinləşir
Nəşrin məlumatına görə, bunun nəticəsində Krımda elektrik və su kəsintiləri geniş yayılıb, yanacaq qıtlığı yaranıb, turistlər isə rezervasiyalarını ləğv etməyə başlayıblar. Yerli sakinlər bildirir ki, gündəlik həyat 2014-cü ildən bəri ən ciddi problemlərlə üz-üzə qalıb. Bir sakin nəşrə deyib: "12 il ərzində bizə Krımın tam qorunduğunu deyirdilər. Amma cəmi bir ay ərzində bizi sanki daş dövrünə qaytardılar - nə işıq var, nə su, nə də yanacaq".
Sakinlər narazıdır
Nəşrin məlumatına görə, yarımadanın təxminən 2,5 milyon sakininin 70 faizdən çoxu elektrik kəsintilərindən zərər görüb. Bəzi yaşayış məntəqələrində insanlar günlərlə işıqsız və susuz qaldıqlarını bildirir.
Sakinlər sosial şəbəkələrdə və "Telegram" qruplarında yanacağın harada satıldığını, hansı ərazilərdə elektrik və suyun olduğunu paylaşır. Nəşrin həmsöhbətləri təhlükəsizlik səbəbindən adlarının tam açıqlanmamasını xahiş edib.
Ukraynanın məqsədi
Məqalədə qeyd olunur ki, Krım Rusiya üçün həm hərbi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır. Hərbi analitik Rob Linin sözlərinə görə, Ukrayna yarımadadakı hədəflərə zərbələri artırmaqla gələcək sülh danışıqlarında mövqelərini gücləndirməyə çalışır.
Ukrayna əsas diqqəti Krımın təchizat marşrutlarına yönəldib. Fransalı OSINT analitiki Kleman Molenin təhlilinə əsasən, təkcə iyulun ilk həftəsində Ukrayna qüvvələri 240-dan çox Rusiya hərbi yük maşınına zərbə endirib. Bundan başqa, Ukrayna Azov dənizində Rusiya gəmiçiliyinə qarşı əməliyyatları da intensivləşdirib.
Eyni zamanda, Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirir ki, işğalçı hakimiyyət Krımda mobil rabitə və internetə də ciddi məhdudiyyətlər tətbiq edir. Məsələn, Cankoyda mobil rabitə və internetin gün ərzində cəmi səkkiz saat işləyəcəyi bildirilir.