ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi Qərb mətbuatının diqqət mərkəzindədir. Aparıcı nəşrlər hesab edir ki, münaqişə artıq təkcə iki ölkə arasındakı qarşıdurma deyil, həm də qlobal enerji bazarına, beynəlxalq ticarətə və ABŞ-ın hərbi imkanlarına təsir göstərən böhrana çevrilib.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post", "Military Watch Magazine" və "Le Monde" nəşrləri yazıb.
Qərb mətbuatı münaqişənin fərqli tərəflərini təhlil edərək, regionda gərginliyin yaxın vaxtlarda daha da arta biləcəyi barədə xəbərdarlıq edir.
Münaqişə yeni mərhələyə keçir
"The Washington Post yazır" ki, İran və ona bağlı husilərin Hörmüz və Bab əl-Məndəb boğazlarında fəaliyyəti Yaxın Şərqdə münaqişənin yeni mərhələyə keçdiyini göstərir. Nəşrin fikrincə, bu iki strateji dəniz marşrutu üzərində təzyiq dünya neft tədarükünə ciddi təsir göstərə bilər.
Məqalədə qeyd olunur ki, ABŞ-ın İrana endirdiyi ardıcıl zərbələrdən sonra Tehran İordaniya, Bəhreyn və Küveytdəki Amerika hərbi obyektlərini hədəfə alıb. Eyni zamanda, husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanının neft daşımalarına mane olacaqlarını bəyan ediblər.
Nəşr vurğulayır ki, əgər Bab əl-Məndəb boğazında da gəmiçilik ciddi şəkildə məhdudlaşarsa, bu, Hörmüz boğazına alternativ sayılan əsas marşrutlardan birini də iflic edə bilər. Belə bir ssenari dünya bazarında neft qiymətlərinin daha da bahalaşmasına və enerji böhranının dərinləşməsinə səbəb ola bilər.
ABŞ-ın sursat ehtiyatları sürətlə tükənir
"Military Watch Magazine" bildirir ki, İranla müharibə ABŞ-ın yüksək dəqiqlikli silah və sursat ehtiyatlarının gözləniləndən daha sürətlə azalmasına səbəb olub. Pentaqon artıq bu ehtiyatların bərpası üçün Konqresdən əlavə 21 milyard dollar ayrılmasını istəyib.
Nəşrin yazdığına görə, Senatda keçirilən dinləmələr zamanı qanunvericilər ABŞ-ın uzunmüddətli hərbi hazırlığı ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Onlar hesab edirlər ki, hətta İran kimi rəqiblə qarşıdurma belə ABŞ müdafiə sənayesinin istehsal imkanlarındakı çatışmazlıqları üzə çıxarıb.
Məqalədə qeyd olunur ki, analitiklər daha böyük təhlükənin ABŞ-ın eyni vaxtda başqa böhranlara, xüsusilə Sakit okean regionunda Çin və ya Şimali Koreya ilə mümkün qarşıdurmaya kifayət qədər hazır olmaması olduğunu düşünürlər.
Dünya neft ehtiyatları kritik həddə çatıb
"Le Monde" nəşri Beynəlxalq Enerji Agentliyinin məlumatlarına istinadən yazır ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları və Hörmüz boğazı ətrafındakı gərginlik dünya neft ehtiyatlarının son onilliklərin ən aşağı səviyyəsinə enməsinə səbəb olub.
Nəşrin məlumatına görə, xüsusilə OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində həm strateji, həm də kommersiya neft ehtiyatları sürətlə azalır. Bir sıra dövlətlər artıq bazarda sabitliyi qorumaq üçün ehtiyatlarından istifadə etməyə başlayıblar ki, bu da son illərin ən böyük ehtiyat buraxılışlarından biri hesab olunur.
Nəşr vurğulayır ki, geosiyasi qeyri-müəyyənlik davam etdikcə bazarın yaxın vaxtlarda sabitləşəcəyini proqnozlaşdırmaq çətindir. Ekspertlərin fikrincə, münaqişənin uzanması həm neft qiymətlərinin yüksək səviyyədə qalmasına, həm də qlobal enerji bazarında yeni təchizat problemlərinin yaranmasına səbəb ola bilər.