ABŞ prezidenti Donald Tramp administrasiyası Səudiyyə Ərəbistanı ilə mülki nüvə energetikası sahəsində 30 illik sazişi təsdiqləyib. 


Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri məlumat yayıb.






ABŞ və Səudiyyə Ərəbistanı nüvə sazişi imzalayır


Məlumatda deyilir ki, sənəd Ər-Riyada öz ərazisində uranı zənginləşdirmək imkanı verəcək, ABŞ şirkətləri isə ölkənin nüvə infrastrukturunun yaradılmasında əsas rol oynayacaq. Ağ Ev hesab edir ki, bu əməkdaşlıq proqram üzərində nəzarəti gücləndirəcək. Lakin ekspertlər xəbərdarlıq edir ki, uranın zənginləşdirilməsinə icazə Yaxın Şərqdə nüvə texnologiyalarının yayılması riskini artıra bilər.


İsrail narahatdır


Məlumata görə, Tramp administrasiyası bu sazişi artıq Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırması şərti ilə əlaqələndirmir. Bayden administrasiyası isə belə razılaşmanı məhz bu şərtlə nəzərdən keçirirdi. İsrailli keçmiş rəsmilər və təhlükəsizlik ekspertləri hesab edirlər ki, bu qərar İsrailin Vaşinqtona təsir imkanlarının zəiflədiyini göstərir.


Onların fikrincə, Səudiyyə Ərəbistanına uranı zənginləşdirmək hüququnun verilməsi regionda təhlükəli presedent yarada və Türkiyə, Misir, BƏƏ kimi digər ölkələrin də oxşar imkanlar tələb etməsinə səbəb ola bilər. Sazişin yaxın günlərdə ABŞ Konqresinə təqdim ediləcəyi gözlənilir. Bununla belə, analitiklər onun qarşısının alınmasının çətin olacağını bildirir.