Alimlər gələcəkdə itirilmiş dişlərin yenidən yetişdirilməsinə imkan verə biləcək innovativ texnologiyalar üzərində çalışırlar. Mütəxəssislərin fikrincə, bu üsullar perspektivdə ənənəvi plomb, tac və implantlara alternativ ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
"Canlı plomb" və diş toxumalarının bərpası
ABŞ və Böyük Britaniyadan olan regenerativ stomatologiya mütəxəssisləri kök hüceyrələr, zülallar və biomateriallardan istifadə etməklə diş minasının, dentinin və digər toxumaların təbii şəkildə bərpasını stimullaşdırmağa çalışırlar.
Ən perspektivli istiqamətlərdən biri "canlı plomb" texnologiyası hesab olunur. Bu üsul diş minasının altında yerləşən dentinin təbii şəkildə yenidən formalaşmasını sürətləndirməyi hədəfləyir.
Çikaqodakı İllinoys Universitetinin professoru Enn Corc dentinin böyüməsi, minerallaşması və bərpasına cavabdeh olan zülalları araşdırır. Alimlər hesab edir ki, gələcəkdə kariyes ənənəvi plombla deyil, diş toxumalarının təbii bərpasını aktivləşdirməklə müalicə oluna bilər.
Laboratoriyada yeni diş yetişdirmək mümkün olacaq?
Vaşinqton Universitetinin biokimyaçısı Qannel Ruohola-Beykerin rəhbərlik etdiyi tədqiqat qrupu isə diş minasının bərpası üzərində işləyir. Alimlər kök hüceyrələri mina yaradan ameloblastlara və dentin formalaşdıran odontoblastlara çevirməyə nail olublar. Laboratoriyada mina istehsal edə bilən kiçik diş toxuması modeli də yaradılıb.
Eyni zamanda London Kral Kollecinin tədqiqatçısı Ana Ancelova Volponi böyüklərin diş əti hüceyrələrinin xüsusi hüceyrələrlə birlikdə kök sistemi inkişaf edən dişəbənzər strukturlar yarada bildiyini müəyyən edib.
Digər bir araşdırmada isə professor Pamela Yelikin rəhbərlik etdiyi qrup minidonuzlarda insan hüceyrələri əsasında həqiqi dişə bənzər strukturlar yetişdirib. Alimlər hesab edir ki, bioloji yolla yetişdirilən dişlər təbii köklərə malik olduqları və çənə toxumaları ilə daha yaxşı uyğunlaşdıqları üçün implantlardan daha uzunömürlü ola bilər.
Klinik tətbiq üçün hələ vaxt lazımdır
Bununla belə, mütəxəssislər bildirir ki, bu texnologiyaların adi stomatoloji klinikalarda tətbiqi üçün hələ əlavə tədqiqatlar və təhlükəsizlik sınaqları aparılmalıdır. İlk praktik tətbiqlərin isə tam yeni dişlərin yetişdirilməsi deyil, zədələnmiş diş toxumalarının bərpasını stimullaşdıran bioloji örtüklər və "canlı plomb"lar şəklində həyata keçiriləcəyi gözlənilir.