Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Ukraynadakı müharibənin nəticəsi ölkəsinin gələcəkdə dünyadakı rolunu müəyyən edəcək. Buna görə də o, mövcud cəbhə xətti əsasında sülh sazişinə razılaşmaq niyyətində deyil və Qərb üzərində geosiyasi qələbənin mümkün olduğuna inanır.




 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Kreml Qərbi üstələyə biləcəyinə inanır
 
Siyasi tədqiqatçı Anna Notte yazır ki, 2022-ci ildən sonra gözlənilən tam beynəlxalq təcrid baş vermədi. Kreml "Qlobal Cənub" ölkələri ilə əlaqələri genişləndirərək sanksiyaların təsirini qismən azaltdı. Onun fikrincə, Moskva dəyişən şəraitə uyğunlaşa bilib, Dubay isə Rusiya biznesi və maliyyə əməliyyatları üçün əsas mərkəzlərdən birinə çevrilib. Kreml həmçinin Afrikada informasiya kampaniyaları aparır və BRİKS kimi platformalar vasitəsilə təsirini artırmağa çalışır.
 
Rusiyanın təsiri zəifləsə də, Putin geri çəkilmir
 
Müəllif qeyd edir ki, Qazaxıstan və Ermənistanda Rusiyaya münasibət əvvəlki kimi deyil, Suriyada Bəşər Əsəd rejiminin süqutu da Kremlin mövqelərini zəiflədib. Buna baxmayaraq, Putinin hələ də Qərbdən daha uzun müddət tab gətirəcəyinə inandığı və Ukraynadakı müharibəni Rusiyanın gələcək geosiyasi statusunu müəyyən edəcək həlledici qarşıdurma hesab etdiyi vurğulanır.
 
Müharibənin gedişi və Kremlin planları
 
Məqalədə bildirilir ki, Ukrayna son aylarda pilotsuz aparatların köməyi ilə müəyyən uğurlar əldə etsə də, "Patriot" raketləri, sanksiyalara daha sərt nəzarət və ABŞ kəşfiyyat dəstəyi Kiyev üçün əsas ehtiyac olaraq qalır. Eyni zamanda qeyd olunur ki, Kreml Sumı və Xarkov vilayətlərinin işğal olunmuş hissələrini qaytarmağı nəzərdən keçirmir və Donetsk vilayətinə tam nəzarəti təmin etdikdən sonra sülh danışıqlarına başlamağı planlaşdırır.