Rusiyada son vaxtlar yanacaq çatışmazlığı müəyyən qədər azalmağa başlayıb.




 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Ukrayna diqqəti tankerlərə yönəldib
 
Nəşrin məlumatına görə, Ukrayna əvvəlki kimi iri neft emalı zavodlarını deyil, daha çox Rusiyanın "kölgə donanması"na aid tankerləri hədəfə alır. Bu dəyişiklikdən sonra Rusiyanın bəzi regionlarında yanacağın mövcudluğu artıb, tədarük daha sabitləşib və benzin satış limitləri tədricən genişləndirilib.
 
Bununla belə, vəziyyət ölkə üzrə eyni deyil. Moskva və Sankt-Peterburqda yanacaqdoldurma məntəqələrinin əksəriyyətində ən azı bir növ yanacaq satıldığı halda, Krasnoyarsk və Novosibirskdə bu göstərici xeyli aşağı olaraq qalır.

Yeni strategiya Rusiyanın müdafiəsini çətinləşdirir
 
Nəşrin məlumatına görə, son iki həftədə Ukrayna neft emalı zavodlarına daha az, lakin Rusiya ilə əlaqəli gəmilərə daha çox zərbə endirib. Ukrayna Baş Qərargahının məlumatına əsasən, iyulun 8-dən 20-dək azı 124 gəmi, o cümlədən 89 tanker hücuma məruz qalıb.
 
London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Ben Barri hesab edir ki, Kiyev hədəfləri mütəmadi dəyişməklə Rusiyanı növbəti zərbənin hara endiriləcəyini təxmin etmək imkanından məhrum edir. Onun sözlərinə görə, bu taktika Rusiyanın hava hücumundan müdafiəsini və pilotsuz aparatlara qarşı mübarizəsini xeyli çətinləşdirir.
 
Böhran tam aradan qalxmayıb

Ekspertlər yanacaq böhranının hələ bitmədiyini bildirirlər. "EA Analytics"in hesablamasına görə, iyulda Rusiyada gündəlik neft emalı 3,5 milyon barel olacaq ki, bu da 2002-ci ilin mayından bəri ən aşağı göstəricidir. Bu, yanacaq qıtlığının və qiymət artımının davam edə biləcəyini göstərir. 
 
Rusiya hakimiyyəti də yaxın vaxtlarda vəziyyətin kəskin yaxşılaşacağını gözləmir. Eyni zamanda, Ukrayna dron hücumları səbəbindən Novorossiysk limanında gecə saatlarında gəmilərin hərəkəti məhdudlaşdırılıb, Qazaxıstan isə Rusiya sahillərindəki əsas ixrac terminalına neft nəqlini müvəqqəti dayandırıb.