BMT ilk dəfə onillik fasilədən sonra yeni baş katib seçəcək. Hazırda bu vəzifəyə altı namizəd iddia edir.




 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
BMT-də yeni rəhbər seçimi
 
Portuqaliyalı Antonio Quterreş 10 il BMT-nin baş katibi vəzifəsində çalışdıqdan sonra dekabrın 31-də səlahiyyətlərini başa vuracaq. Yeni baş katibin qarşısında isə təşkilatın nüfuzunun, təsir imkanlarının və maliyyə vəziyyətinin getdikcə daha çox müzakirə olunduğu bir dövrdə ciddi vəzifələr dayanır.
 
BMT Nizamnaməsinə görə, baş katib həm diplomat, həm ictimai maraqların müdafiəçisi, həm dövlət məmuru, həm də təşkilatın rəhbəridir. Yeni rəhbər Baş Assambleya tərəfindən Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında seçiləcək. Lakin Şurada veto hüququ olan ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın mövqeyi prosesi mürəkkəbləşdirə bilər.
 
Altı namizəd mübarizə aparır

Çilinin sabiq prezidenti Mişel Baçelet BMT tarixində ilk qadın baş katib olmaq istəyir. 2018-2022-ci illərdə BMT-nin insan haqları üzrə ali komissarı vəzifəsində çalışan Baçelet hesab edir ki, onun əsas üstünlüyü beynəlxalq məsələlər üzrə təcrübəsidir.

Argentinalı diplomat Rafael Qrossi isə 2019-cu ildən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktorudur. O, nüvə təhlükələri ilə bağlı təcrübəsinin bu vəzifə üçün mühüm üstünlük olduğunu bildirir və BMT-də struktur islahatlarının vacibliyini vurğulayır.

Ekvador nümayəndəsi Mariya Fernanda Espinoza iqlim dəyişikliyi və davamlı inkişaf üzrə mütəxəssisdir. Onun fikrincə, BMT-nin əsas problemlərindən biri maliyyə çatışmazlığıdır və təşkilat islahatlara ehtiyac duyur.
 
İslahat və daha effektiv BMT vədləri

Kosta-Rikanın sabiq vitse-prezidenti, hazırda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi olan Rebeka Qrinspan təşkilatın daha cəsarətli qərarlar qəbul etməli olduğunu düşünür. O, Təhlükəsizlik Şurasında Afrika və Latın Amerikası ölkələrinin təmsilçiliyinin artırılmasını dəstəkləyir.

Seneqalın 2012-2024-cü illərdə prezidenti olmuş Maki Sall da namizədlər sırasındadır. Onun dövründə ölkədə infrastruktur sahəsində mühüm dəyişikliklər baş versə də, hakimiyyətinin son illərində siyasi böhranlarla üzləşib.

Qayana nümayəndəsi Kerolayn Rodriges-Birket isə namizədliyini ən son açıqlayan şəxs olub. O, BMT-də çoxtərəfli əməkdaşlığın gücləndirilməsini, təşkilatın daha çevik və effektiv fəaliyyət göstərməsini vacib hesab edir.
 
Namizədlər arasında debatların iyulun 23-də Nyu-Yorkda keçirilməsi planlaşdırılır. Yeni baş katib isə BMT Baş Assambleyası tərəfindən Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında seçiləcək.