“Sən özün səhnədə 10 dəqiqə iki söz deyib, güclü işıqların altında dözə bilərsən?” - Ədalət Hacıyev aktyorları MÜDAFİƏ etdi - ÖZƏL
23 Jul 2026, 15:18 32 baxış 3 dəq oxuma
“Sənətlə məşğul olan, ürəyi səhnə ilə döyünən insanlara çox böyük hörmətim var. Çünki mən onların sənətinin nə qədər çətin olduğunu bilirəm. Bezmədən, usanmadan, çox böyük həvəslə bu işlə məşğul olurlar. Onlara olan münasibətimi heç vaxt gizlətməmişəm. Bəzən bunu açıq-aşkar göstərmədiyim vaxtlar da olub, amma hiss ediblər. Aktyorlar çox hissiyatlıdır. Bu sənətin asanlığından danışan insanlara deyirəm ki, sən özün 10 dəqiqə iki sözü bir-birinin yanında deyib, o işıqların altında dözə bilərsənmi?! Mən onların çətinliklərini başa düşürəm. Çünki məşqlərdə də iştirak edirəm. Tamaşa öz yerində, amma məşqlərin başqa yeri var. Məşqlərdə onların əziyyəti bir daha sübut olunur. Aktyorlar çox həssas insanlardır. Yəqin ki, onlar da mənim onlara olan münasibətimi hiss edirlər. O aktyorlar olmasa biz ümumiyyətlə kimik? Teatr nəyə və kimə görə işləyər? Bu işlərin hamısı aktyorlara bağlıdır”.
Bunu Moderator.az-a açıqlamasında Gəncə Dövlət Milli Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət işçisi Ədalət Hacıyev deyib.
O daha sonra əlavə edib:
“İş prinsipimi sevməyənlər də ola bilər. Hamı ideal deyil axı. Kimsə vaxtında rolu ala, kimsə almaya bilər. Bu həyatdır, olmalıdır. Amma onların sənətinə mən çox böyük qiymət verirəm. Fərqi yoxdur o aktyor böyük rol oynayır yoxsa kiçik?! Hər birinin öz yolu var. Mən Gəncədə çalışsam da Bakıdakı teatrlarla sıx əlaqədəyəm. Çünki bu eyni sistemdir. Biz hamımız mədəniyyət sahəsindəyik. Lori dildə desək mümkündürsə biz hamımız eyni damın altındayıq. Mədəniyyət Nazirimiz, cənab Adil Kərimli də hər zaman deyir ki, biz bir ailəyik. Akademik Rus Dram Teatrının direktoru Oleq Əmirbəyovla da, Akademik Musiqili Teatrın direktoru Aqil Bəhramlı ilə də sıx əlaqədəyik. Bu əlaqələr itmir. Bu əlaqələrin bizim işimizin gedişatına müsbət təsiri var. Teatr bir ailədir. Ən yaxşısı teatrda ailə olmaqdır. Mən həmişə komanda tərəfdarıyam. Tək əldən səs çıxmır”.