“Çox şükür ki, bu gün Ağdam bizdədir. Artıq onun işğalından il ötmür, Ağdam yenidən qurulur, orada yeni müəssisələr və binalar ucaldılır. Bilirsiniz ki, Ağdamda bütün kəndləri birləşdiriblər. Bütün kəndlər mərkəzə bağlıdır. Bizim kəndimiz olan yerin tikilişi hələ indi-indi başlayır. Bizə hələ ki, zəng edib, siyahıya almayıblar. Yəqin ki, siyahıya alınacağıq. Nə qədər Bakıda yaşayacağam ki? Mən də Ağdama getmək istəyirəm. Biz Arif Babayevlə bir kənddən-Sarıhacılıdanıq. Onunla qonşu olmuşuq. Allah dəyərli sənətkarımıza rəhmət etsin. Köhnə Ağdam olmayacaq, yeni Ağdam yaranır. Əsas odur havası dəyişməyib. Ağdam dağətəyidir, çox gözəl havası var. Yeri gəlmişkən hazırda elə Xankəndindəyəm. Yatsaydıq yuxumuza gəlməzdi ki, Xankəndi ermənisiz olacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Allah dövlətimizi, ölkə başçımızı qorusun”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu deyib.
O daha sonra bildirib ki, Bakıda pedaqoji fəaliyyətlə məşğul olmaq üçün müraciət etdiyi musiqi məktəblərindən ona müsbət cavab verilməyib:
“Əfsuslar olsun ki, bizdə sənətkarın qədrini dünyadan köçəndə bilirlər. Sağlığında qiymət verməyi bacarmırlar. Mən 2-3 dəfə müraciət edib, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyimi bildirdim. Gördüm ki, alınmır. Get-gələ salırlar məni. Konservatoriya və bir-iki məktəblər var idi ki, ora müraciət etmişdim. Onlar sevinsin ki, mən hansısa ansambıl yaradıb, dərs deyəcəm, uşaqlar yetişdirəcəm. Bu gün mənim tələbələrim dərs deyir, özüm isə kənarda qalmışam” deyə sənətkar bildirib.